Səhiyyə komitəsinin iclasında
Yanvarın 18-də Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Komitə sədri Əhliman Əmiraslanov sessiyanın başlaması münasibəti ilə deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Əhliman Əmiraslanov iclasın gündəliyinə iki məsələnin – 2023-cü ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatın və komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini diqqətə çatdırıb.
Komitə sədri, əvvəlcə 2023-cü ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə məlumat verib. O, bildirib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 6 məsələyə baxılıb.
Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, ötən sessiyada komitə üzvləri “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrində fəal iştirak ediblər. Bu ilin büdcəsinin də sosialyönümlü olduğunu deyən komitə sədri, səhiyyə sahəsinə ayrılan vəsaitin artırıldığını, bunun əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə, bu sahənin daha da inkişafına xidmət edəcəyini söyləyib. O, qeyd edib ki, dövlət tərəfindən səhiyyə sahəsində həyata keçirilən tədbirlər ölkə Prezidentinin vətəndaşların sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Komitə sədri, həmçinin İcbari Tibbi Sığorta Fondunun vəsaitlərinin artırıldığını, ölkə üzrə bu sahədə fəaliyyətin uğurla həyata keçirildiyini, icbari tibbi sığortanın xidmətlər zərfinin mütəmadi olaraq genişləndirildiyini, əhalinin məmnunluğunun artdığını bildirib. O, ötən sessiyada, habelə “Tibbi sığorta haqqında” qanunda da müəyyən dəyişikliklərin edildiyini nəzərə çatdırıb.
Bildirilib ki, hesabat dövründə komitədə böyük əhəmiyyət kəsb edən məsələlərin müzakirəsinə həsr olunmuş “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” və “Tibbi tullantıların idarə olunması” mövzularında dinləmələr keçirilib. Bununla yanaşı, komitənin sədri və üzvləri parlamentin digər komitələri tərəfindən təşkil olunan “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” və “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzularında ictimai dinləmələrdə iştirak ediblər. Ötən sessiyada komitə üzvləri, həmçinin ölkə daxilində və xaricdə bir sıra tədbirlərə qatılıblar, görüşlər keçiriblər.
Nəzərə çatdırılıb ki, payız sessiyasında komitəyə 314 ərizə və şikayət daxil olub. Müraciətlərdə qaldırılan məsələlərlə əlaqədar aidiyyəti üzrə tədbirlər görülüb. Hesabat dövründə 233 nəfər vətəndaş qəbul edilib.
Sonra Əhliman Əmiraslanov Səhiyyə komitəsinin 2024-cü ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. O, bildirib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinə baxılacaq, komitəyə daxil olan sənədlər müzakirə olunacaq, onlara rəy və təkliflər hazırlanacaq. Komitə sədri yoluxucu xəstəliklərlə mübarizə, virus infeksiyaları ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlərə dair dinləmənin keçirilməsinin də nəzərdə tutulduğunu söyləyib.
İclasda komitənin sədr müavini Rəşad Mahmudov, üzvləri Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, Soltan Məmmədov, İlham Məmmədov, Müşfiq Məmmədli, Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək, ötən sessiya ərzində komitənin fəaliyyətini yüksək dəyərləndiriblər, yaz sessiyası üçün nəzərdə tutulan təbirləri məqsədəmüvafiq hesab ediblər, bəzi təkliflərini səsləndiriblər.
Müzakirələrin yekununda Səhiyyə komitəsində 2023-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat nəzərə alınıb, komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.
İclasın sonunda komitə sədri Əhliman Əmiraslanov bildirib ki, ölkəmiz mühüm ictimai-siyasi hadisə ərəfəsindədir, fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək. O, bunun Azərbaycanın bütün ərazisində keçiriləcək ilk seçkilər olduğunu vurğulayıb, bu prosesdə vətəndaşların fəal iştirak edəcəyinə əminliyini ifadə edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI