Milli Məclisin 2023-cü il payız sessiyası başa çatdı

0

Dekabrın 30-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasındac son iclası keçir .

Turanın səsi ” xəbər verir ki , iclasda, əvvəlcə cari məsələlərin müzakirəsi keçirilib. Müzakirələr zamanı çıxış edən komitə sədri Fazil Mustafa, deputatlar Etibar Əliyev, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Musa Qasımlı, Sahib Alıyev, Sədaqət Vəliyeva, Jalə Əhmədova, Pərvin Kərimzadə, Razi Nurullayev ölkə rəhbərliyini və xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə təbrik ediblər, bir sıra aktual  məsələlərə toxunublar.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Heydər Əliyev İli” elan edilmiş 2023-cü il dövlətimizin və xalqımızın tarixində əhəmiyyətli hadisələrlə zəngin və uğurlu bir il olub. Bu il çərçivəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilərək, Ümummilli liderin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edilib. Cari ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət bayrağımızın bütün ərazilərimizdə dalğalandırıldı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası təmin olundu. Noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad bu ilin önəmli hadisələrindən biri oldu. 

Qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində addımlar atılıb. İşğaldan azad olunmuş ərazilərdə Böyük qayıdış üçün zəruri tədbirlər görülüb. Siyasi islahatların dərinləşməsi ilə demokratik quruluşa və vətəndaş cəmiyyətinin bərqərar edilməsinə təminat verilib. Dövlətimizin beynəlxalq mövqeləri güclənib. Beləliklə, “Heydər Əliyev İli”ndə Ulu öndərin bütün hədəfləri reallaşıb.

Deputatlar öz çıxışlarında bunların mümkün olmasının ölkədə həyata keçirilən milli maraqlara əsaslanan, müasir qlobal çağırışlara cavab verən uğurlu strateji kursun məntiqi nəticəsi olduğunu vurğulayıblar. Qarşıdan gələn 2024-cü il fevralın 7-də baş tutacaq növbədənkənar Prezident seçkilərini dövlətçilik tariximizin yeni inkişaf mərhələsinə keçid kimi dəyərləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. O, birinci məsələnin “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi olduğunu deyib. Spiker beynəlxalq sənədlə bağlı olduğuna görə qanun layihəsinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini qeyd edib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsini təqdim edib. O, son 30 ildə Ermənistan tərəfindən xalqımıza qarşı sistemli şəkildə aparılan terror siyasətindən, o cümlədən müharibə cinayətləri, soyqırım, etnik təmizləmə, mənəvi terror, Vətən müharibəsi zamanı mülki əhalimizə qarşı törədilən cinayətlər, ekosid, mina terroru barədə danışıb.

Komitə sədri “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi ilə bağlı məlumatında sənədin terrorçuluqla mübarizə sahəsində mühüm sənəd olduğunu bildirib. Diqqətə çatdırılıb ki, Əlavə Protokolun əsas məqsədi 2, 3, 4, 5 və 6-cı maddələrdə təsbit olunan əməllərə görə cinayət məsuliyyətini müəyyənləşdirməkdən və bununla da terrorçuluğun, onun mənfi təsirlərinin qarşısının alınmasına yönəlmiş səyləri artırmaqdan ibarətdir. 

Qeyd edilib ki, sənəddə terrorçuluq məqsədilə birlik və qrupda iştirak etmənin, terrorla bağlı təlimlərin keçirilməsinin, terrorçuluq məqsədilə ölkə xaricinə səfər etmənin, belə səfərlərin maliyyələşdirilməsinin, bu səfərlərin təşkilinin izahı verilir. Tərəflərin bu məsələlərlə bağlı zəruri tədbirlər görmək öhdəliyi müəyyən edilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Əlavə Protokolu müvafiq bəyanatlarla təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Əlavə Protokolun 7-ci maddəsinə müvafiq olaraq, terrorçuluq məqsədilə ölkə xaricinə səfər edən şəxslər haqqında məlumatların mübadiləsi üçün əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizlik Xidmətini təyin edir. Bu Əlavə Protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında  münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək. Əlavə Protokolun Azərbaycanın milli və dövlət maraqlarına uyğun olduğu bildirilib. 

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin vacibliyini qeyd edib və rəhbərlik etdiyi komitənin məsələyə müsbət rəyini diqqətə çatdırıb. 

Parlamentin komitə sədri Siyavuş Novruzov və deputat Fəzail Ağamalı məsələ ilə bağlı fikirlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Parlamentin spikeri Sahibə Qafarova növbəti məsələnin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu deyib və bu sənədin də bir oxunuşda qəbul ediləcəyini söyləyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanun layihəsi barədə məlumat verib.

Nəzərə çatdırılıb ki, layihə tələb olunan gücü 150 – 200 kVt arasında olan elektrik qurğularının istismarının sadələşdirilməsi (icazə tələbinin aradan qaldırılması) məqsədilə hazırlanıb. Sənədə əsasən, tikinti obyektlərinin tələb olunan elektrik enerjisi gücü 200 kVt-dək olduqda onların elektrik şəbəkəsinə qoşulma işləri başa çatdırıldıqdan sonra elektrik qurğularının istismarına icazə alınması tələb olunmayacaq.

Deputatlar Vüqar Bayramov və Sabir Rüstəmxanlı layihə barədə fikirlərini və bəzi qeydlərini diqqətə çatdırıblar.

Parlamentin spikeri Sahibə Qafarova və komitə sədri Sadiq Qurbanov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, sənədin mətnində hər hansı əlavə dəyişikliyin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib. 

Layihədə dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, habelə hərbi xidmət əleyhinə olan inzibati xətalar sırasına müvafiq olaraq cinayət və inzibati məsuliyyəti nəzərdə tutan yeni cinayət əməllərin və inzibati xətanın daxil edilməsi, habelə bu hüquqazidd hərəkətlərin törədilməsinin qarşısının alınması məqsədilə iki sahəvi normativ hüquqi akta müvafiq məzmunda dəyişikliyin edilməsi nəzərdə tutulur.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov bu komitələrin məsələ ilə bağlı müsbət rəy verdiyini söyləyiblər.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini  (üçüncü oxunuş) diqqətə çatdırıb. O, qanun layihəsinin əvvəlki oxunuşlar zamanı geniş müzakirə olunduğunu, sənədlə bağlı heç bir təklif və iradın olmadığını bildirib.

Layihə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova digər iki məsələnin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, sənədlərin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. Sədr qeyd edib ki, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində,  Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələridir. 

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi  ilə bağlı məlumat verib. O, qeyd edib ki, Qanunun preambula hissəsinə və 11 maddəsinə təklif olunan əlavə və dəyişikliklər ailə institutunun möhkəmləndirilməsi, ailədaxili münasibətlərin daha yaxşı tənzimlənməsi və vətəndaşın konstitusion hüquqlarının müdafiəsinə xidmət edir.  

Komitə sədri diqqətə çatdırıb ki, sənəddə məişət  zorakılığının bu və digər formasından zərər çəkmiş şəxsin  hüquqlarının  müdafiəsinin gücləndirilməsi, zərər törədən şəxsin, eyni zamanda, bu kimi halların qarşısının alınmasına cavabdeh olan vəzifəli şəxsin məsuliyyətinin artırılması, zərər törədən şəxsin hərəkətlərinə dair  sanksiyaların nisbətən sərtləşdirilməsi, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizminin yaradılması, qabaqlayıcı  və profilaktik tədbirlərin keçirilməsi, zorakılıq hallarının şahidi və qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsi  və digər məsələlər  öz əksini tapıb. 

Bildirilib ki, məişət zorakılığına məruz qalmış şəxslərin müdafiəsinin gücləndirilməsi  üçün Qanunun preambula  hissəsindən və bir neçə maddəsindən  “yaxın” sözünün çıxarılması təklif edilir. Burada əsas məqsəd təkcə yaxın qohum deyil, ümumiyyətlə qohumluq münasibətindən istifadə etməklə  hər hansı şəxsə qarşı törədilmiş məişət zorakılığı halının qarşısını almaqdır. Qanunun 2 maddəsində “və ailə münasibətlərinin bərpa olunmasına” sözlərinin çıxarılması təklif olunur. Təcrübədə, bəzən barışdırıcı mövqe ailədə konfliktli vəziyyəti daha da dərinləşdirir. İnsan özü seçim etməlidir və qarşı tərəf də bu qərara hörmətlə yanaşmalıdır. 

Hicran Hüseynova qeyd edib ki, dəyişikliklərdən biri də zərurət olduqda zərər çəkmiş şəxsin tələbi ilə dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi məsələsidir. Bununla yanaşı, layihədə, qısamüddətli mühafizə orderinin müddətinin beynəlxalq təcrübəyə əsaslanaraq 60 günədək, uzunmüddətli orderin müddətinin isə 60 gündən 180 günədək  artırılması nəzərdə tutulur. Sənəddə uşaq hüquqlarının daha effektiv qorunması üçün  əlavə və dəyişikliklər də  təklif edilir. O, deyib ki, digər vacib məsələ qabaqlayıcı və profilaktik tədbirlərin həyata keçirilməsi, insanların daha erkən vaxtda bu məsələlər haqqında maarifləndirilməsidir. Bununla bağlı təhsilin müxtəlif pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa qarşılıqlı hörmət, qarşılıqlı yardım, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi məqsədəmüvafiq hesab olunur.

Komitə sədri bildirib ki, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizminin yaradılması məqsədilə mövcud Qanuna yeni maddənin əlavə edilməsi təklif olunur. Layihədə, həmçinin Qanunun bir sıra maddələrində dəqiqləşdirmə və uyğunlaşdırma xarakterli əlavə və dəyişikliklər edilməsi də nəzərdə tutulub. 

Qeyd edilib ki, məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar  Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb. Burada “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunun yeni  layihəsindən irəli gələn  yeni əlavə və dəyişikliklər öz əksini tapıb.

İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov sənəd barədə bu komitənin müsbət rəy verdiyini bildirib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim olunan məsələlərlə bağlı bu komitənin müsbət rəyini diqqətə çatdırıb. O, habelə Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar  Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu deyib. Komitə sədri, həmçinin qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericiliyin pozulmasına dair sanksiyaların daha da sərtləşdirilməsi, qısamüddətli mühafizə orderinini verilməməsinə görə vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məsələlərlə bağlı rəhbərlik etdiyini komitənin müsbət rəyini bildirib.

Məsələlər ətrafında müzakirələrdə komitə sədri Fazil Mustafa, deputat Nigar Arpadarai fikirlərini açıqladıqdan sonra, qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Milli Məclis soydaşlarımıza və həmvətənlərimizə müraciət edir və gündəliyin sonuncu məsələsi məhz  Milli Məclisin Müraciəti ilə bağlıdır. Spiker müraciətin mətninin hazır olduğunu bildirib və onu səsləndirmək üçün deputat Nurlan Həsənova söz verib.

İclasda deputat Nurlan Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin Müraciətini oxuyub.

Sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti səsə qoyularaq qəbul edilib. 

(Müraciətin mətni mətbuatda dərc olunacaq.)

Milli Məclisin payız sessiyasının son iclasına yekun vuran spiker Sahibə Qafarova bildirib ki, bu gün payız sessiyasının son iclasıdır. Bu gün biz həm sessiyaya, həm də 2023-cü ilə yekun vururuq.

Payız sessiyası və il ərzində görülmüş işlər haqqında məlumat verən spiker diqqətə çatdırıb ki, indiyə qədər olduğu kimi, Milli Məclisin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin altıncı çağırış Milli Məclisin birinci iclasında verdiyi tövsiyələr əsasında qurulmuşdur.

Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətləri tam yerinə yetirilib. Payız sessiyasında parlamentin 16 iclası olub, 100 qanun və qərar layihəsinə baxılıb. Ümumiyyətlə, 2023-cü ildə Milli Məclisin 39 plenar iclası keçirilib, 268 qanun və 27 qərar qəbul edilib.

Sahibə Qafarova xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Milli Məclisin mayın 16-da və iyunun 14-də keçirilən xüsusi iclaslarını başa çatan ilin ən önəmli hadisələri sırasında qeyd edib. Bildirilib ki, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinin, dünya siyasət sənətinə verdiyi töhfələrin ölkəmizdə və beynəlxalq aləmdə nə qədər yüksək qiymətləndirildiyi bir daha nümayiş olunmuşdur. Spiker deyib ki, bu iclaslar Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə keçirilən “Heydər Əliyev İli” çərçivəsində  parlament səviyyəsində təşkil edilən ən irimiqyaslı tədbirlər olmuşdur.

Ulu Öndərin xatirəsinə həsr edilən digər tədbirlərdən danışan parlamentin sədri oktyabrın 13-də Milli Məclisdə “Heydər Əliyev – 100: Müasir Azərbaycan – sosial rifah və ədalət dövləti” mövzusunda elmi-praktik konfransın keçirildiyini, noyabrın 19-da Milli Məclis deputatlarının və parlament Aparatı əməkdaşlarının Böyük Qafqaz sıra dağlarının “Heydər Əliyev zirvəsinə” yürüşünün təşkil edildiyini diqqətə çatdırıb. 

İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclasının keçirilməsini ötən dövrün ən əlamətdar hadisələrindən biri kimi qeyd edən Sahibə Qafarova iclasda Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasını layiqincə davam etdirən möhtərəm cənab İlham Əliyevin Azərbaycanı qüdrətli dünya dövlətinə çevirməyə yönələn fəaliyyətindən minnətdarlıq duyğuları ilə danışıldığını bildirib.

Hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq əlaqələrini Milli Məclisin fəaliyyətinin uğurlarına şərait yaradan amillər sırasında qeyd edən parlament sədri bununla əlaqədar Milli Məclis ilə Prezident Administrasiyasının müvafiq şöbələri arasında mütəmadi  xarakter daşıyan iş birliyinin əhəmiyyəti xüsusi vurğulayıb. Eyni zamanda, parlamentlə hökumət arasında konstruktiv əməkdaşlığa da diqqəti cəlb edən spiker söyləyib ki, yola saldığımız il ərzində hökumətin müxtəlif strukturlarının nümayəndələri Milli Məclisin və komitələrin iclaslarına dəvət olunmuş, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilmiş, eyni zamanda, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınmışdır.

Parlamentin rəhbəri bildirib ki, qanunvericilik fəaliyyətinin səmərəsini artırmaq, ictimai fikir üçün aktual olan məsələləri müzakirə etmək məqsədi ilə ictimai dinləmələrin keçirilməsi praktikası ötən dövrdə də davam etdirilib.

Qeyd olunub ki, il ərzində Milli Məclisdə 15 dinləmə keçirilib. İki  dinləmə Ulu Öndər Heydər Əliyevin dövlətimizin gənclər siyasətinin formalaşmasına, eləcə də demokratiyanın, özünüidarənin və regionların inkişafına verdiyi töhfələrə, iki dinləmə qanun layihələrinə, beş dinləmə Qərbi azərbaycanlıların tarixi və mədəni irsi, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri ilə bağlı məsələlərə, altı dinləmə isə Azərbaycan cəmiyyətini düşündürən digər məsələlərə həsr edilib.

Sahibə Qafarova deyib ki, qanunvericilik və qanunyaratma sahəsində görülən işlərlə yanaşı, Milli Məclis, eləcə də parlamentin komitələri, xüsusən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəzi beynəlxalq qurum və xarici dövlətlərin  Azərbaycanı gözdən salmağa, onun suverenliyinə qəsd etməyə yönələn hərəkətlərinə etiraz əlaməti olaraq bəyanatlar qəbul ediblər.

Qeyd olunub ki, bu qəbildən olan müxtəlif məsələlərlə bağlı Milli Məclis sədrinin adından xarici dövlətlərin parlament sədrlərinə və beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə – yüzlərlə ünvana müraciətlər göndərilib.

Spiker Sahibə Qafarova bildirib ki, Milli Məclis nəzarət funksiyasını bu il də səmərəli surətdə həyata keçirib. Parlamentdə Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları dinlənilib.

Parlamentin sədri deyib ki, bu bir il ərzində Milli Məclis deputatlarının seçki dairələrində işinə xüsusi diqqət yetirilib. Millət vəkilləri öz seçiciləri ilə müntəzəm görüşlər keçiriblər, onları düşündürən məsələləri Milli Məclisin iclaslarında, eləcə də digər hakimiyyət orqanları qarşısında qaldırıblar.

Spiker onu da deyib ki, Milli Məclisdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində  də lazımi tədbirlər  həyata keçirilib. Qeyd olunub ki, il ərzində Milli Məclisin rəhbərliyi, komitə sədrləri, Aparatın rəhbəri və şöbə müdirləri, işlər müdiri tərəfindən 4 min nəfərə qədər vətəndaş qəbul edilib, parlamentdə 20 mindən çox vətəndaş müraciətinə baxılıb.

Parlamentin sədri diqqətə çatdırıb ki, ötən dövrdə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülüb. Nümayəndə heyətlərimiz üzv olduğumuz bütün beynəlxalq parlament təşkilatlarının fəaliyyətində həmişə olduğu kimi yaxından iştirak ediblər. Ümumiyyətlə, il ərzində 104 deputatımız 61 ölkəyə 495 səfər həyata keçirib. Milli Məclis sədrinin 13 ölkəyə  rəsmi və 10 ölkəyə 12 işgüzar səfəri olub. Bildirilib ki, həm deputatların, həm də Milli Məclis sədrinin səfərlərində dövlətimizin xarici siyasətinin parlament ölçüsünü təmin etmək üçün parlament diplomatiyasının imkanlarından istifadə edilib.

Spiker deyib ki, ötən dövrdə 68 ölkənin və 18 beynəlxalq təşkilatın 199 nümayəndə heyəti, ümumən 688 nəfər xarici qonaq Milli Məclisdə olub. Milli Məclisin sədrinin 24 ölkənin parlament sədrləri və sədr müavinləri, 5 beynəlxalq parlament təşkilatının rəhbərləri,  8 ölkənin icra hakimiyyəti orqanlarının nümayəndələri,  9 dövlətin Azərbaycandakı səfirləri ilə görüşləri keçirilib.

Milli Məclisin sədri qeyd edib ki, parlamentin beynəlxalq əlaqələrinin inkişafına yönələn tədbirlərindən biri də 6 ölkənin parlamenti və parlament qurumu ilə əməkdaşlıq haqqında sənədlərin imzalanmasıdır. Belə ki, Türkiyə Böyük Millət Məclisi və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması ilə iş birliyi haqqında sazişlər bağlanmış, Misir Senatı, Serbiya Milli Assambleyası, Gürcüstan Parlamentinin Mədəniyyət komitəsi, Türkiyə Böyük Millət Məclisinin Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyası ilə Milli Məclis və ya onun müvafiq komitələri arasında anlaşma memorandumları və əməkdaşlıq protokolları da imzalanıb. 

Sahibə Qafarova həmçinin deyib ki, onun sədri olduğu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı, Ərəb Parlamenti,  Türkdilli Dövlətlərin Parlament Assambleyası, ASEAN Parlamentlərarası Assambleyası arasında əməkdaşlığa dair anlaşma memorandumları da imzalanıb. Bundan başqa beynəlxalq təşkilatların xətti ilə 2 böyük tədbirə – Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər daimi komitəsinin iclasına, eləcə də Milli Məclisin və ATƏT-in Parlament Assambleyasının birgə təşkilatçılığı ilə təşkil olunan “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirməsi və dayanıqlı inkişaf vasitəsi ilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransa ev sahibliyi edilib.

Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bəhreynin Manama şəhərində keçirilən ikinci konfransını Milli Məclisin təşkilatçılığı ilə  keçirilən tədbirlər sırasında vurğulayıb. Bundan əlavə, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının və Bakı Təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya Dialoqları: miras, çağırışlar və nailiyyətlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Milli Məclisin payız sessiyasını və 2023-cü ili uğurla başa çatdırdığını deyən Sahibə Qafarova bununla əlaqədar deputatlara səmərəli iş üçün təşəkkür edib.

Sonra Milli Məclisin sədri bildirib ki, qarşıdan bayramlarımız gəlir. Sabah xalqımız Dünya azərbaycanlılarının həmrəyliyi gününü, daha sonra isə Yeni ili qeyd edəcəkdir.

Sahibə Qafarova təklif edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni-yeni böyük uğurlar arzulayaq.

Spikerin təklifi alqışlarla qarşılanıb.

Parlamentin sədri qarşıdan gələn bayramlar münasibəti ilə hamını, həmçinin iclası izləyən media nümayəndələrini səmimi qəlbdən təbrik edib, hamıya can sağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxışının sonunda parlamentin sədri  Milli Məclisin 2023-cü il payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin 2023-cü il payız sessiyasının sonuncu plenar iclası başa çatıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir