Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 30 dekabr 2023-cü il tarixli plenar iclasında ilin və payız sessiyasının yekunlarına dair çıxışı
Hörmətli həmkarlar!
Bu gün payız sessiyasının son iclasıdır və biz həm sessiyaya, həm də ilə yekun vururuq.
İcazənizlə, mən sessiya və il ərzində görülmüş işlər haqqında sizə qısa məlumat verim.
Öncə onu söyləyim ki, indiyə qədər olduğu kimi, Milli Məclisin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin altıncı çağırış Milli Məclisin birinci iclasında verdiyi tövsiyələr əsasında qurulmuşdur.
Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətləri tam yerinə yetirilmişdir. Payız sessiyasında parlamentin 16 iclası olmuş, 100 qanun və qərar layihəsinə baxılmışdır.
Ümumiyyətlə, 2023-cü ildə isə Milli Məclisin 39 plenar iclası keçirilmiş, 268 qanun və 27 qərar qəbul edilmişdir.
Hörmətli deputatlar!
Başa çatan ilin ən önəmli hadisələri sırasında xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Milli Məclisin mayın 16-da və iyunun 14-də keçirilən xüsusi iclasları qeyd edilməlidir. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinin, dünya siyasət sənətinə verdiyi töhfələrin ölkəmizdə və beynəlxalq aləmdə nə qədər yüksək qiymətləndirildiyi bir daha nümayiş olunmuşdur.
Onu da deyim ki, bu iclaslar Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə keçirilən “Heydər Əliyev İli” çərçivəsində parlament səviyyəsində təşkil edilən ən irimiqyaslı tədbirlər olmuşdur.
Ulu Öndərin xatirəsinə həsr edilən digər tədbirlər də baş tutmuşdur. O cümlədən oktyabrın 13-də Milli Məclisdə “Heydər Əliyev – 100: Müasir Azərbaycan – sosial rifah və ədalət dövləti” mövzusunda elmi-praktik konfrans keçirilmiş, noyabrın 19-da Milli Məclis deputatlarının və parlament Aparatı əməkdaşlarının Böyük Qafqaz sıra dağlarının “Heydər Əliyev zirvəsinə” yürüşü təşkil edilmişdir.
Hörmətli həmkarlar!
Ötən dövrün ən əlamətdar hadisələrindən biri də İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclası olmuşdur. İclasda Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasını layiqincə davam etdirən möhtərəm cənab İlham Əliyevin Azərbaycanı qüdrətli dünya dövlətinə çevirməyə yönələn fəaliyyətindən minnətdarlıq duyğuları ilə danışılmışdır.
Hörmətli deputatlar!
Hər dəfə biz Milli Məclisin fəaliyyətinə yekun vurarkən bu fəaliyyətin uğurlarına şərait yaradan amillər sırasında hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq əlaqələrini hökmən qeyd edirik. Bununla əlaqədar Milli Məclis ilə Prezident Administrasiyasının müvafiq şöbələri arasında mütəmadi xarakter daşıyan iş birliyinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Eyni zamanda, mən parlamentlə hökumət arasında konstruktiv əməkdaşlığa da diqqəti cəlb etmək istəyirəm. Yola saldığımız il ərzində hökumətin müxtəlif strukturlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri Milli Məclisin və komitələrin iclaslarına dəvət olunmuş, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilmiş, eyni zamanda, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınmışdır.
Hörmətli həmkarlar!
Qanunvericilik fəaliyyətinin səmərəsini artırmaq, ictimai fikir üçün aktual olan məsələləri müzakirə etmək məqsədi ilə lazım gəldikdə ictimai dinləmələr keçirilməsi praktikası da davam etdirilmişdir.
Qeyd edim ki, il ərzində Milli Məclisdə 15 dinləmə keçirilmişdir. İki dinləmə Ulu Öndər Heydər Əliyevin dövlətimizin gənclər siyasətinin formalaşmasına, eləcə də demokratiyanın, özünüidarənin və regionların inkişafına verdiyi töhfələrə, iki dinləmə qanun layihələrinə, beş dinləmə Qərbi azərbaycanlıların tarixi və mədəni irsi, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri ilə bağlı məsələlərə, altı dinləmə isə Azərbaycan cəmiyyətini düşündürən digər məsələlərə həsr edilmişdir.
Hörmətli deputatlar!
Qanunvericilik və qanunyaratma sahəsində görülən işlərlə yanaşı, Milli Məclis, eləcə də parlamentin komitələri, xüsusən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəzi beynəlxalq qurum və xarici dövlətlərin Azərbaycanı gözdən salmağa, onun suverenliyinə qəsd etməyə yönələn hərəkətlərinə etiraz əlaməti olaraq bəyanatlar qəbul etmişlər.
Yeri gəlmişkən, qeyd edim ki, bu qəbildən olan müxtəlif məsələlərlə bağlı Milli Məclis sədrinin adından xarici dövlətlərin parlament sədrlərinə və beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə yüzlərlə ünvana müraciətlər göndərilmişdir.
Hörmətli həmkarlar!
Milli Məclis nəzarət funksiyasını bu il də səmərəli surətdə həyata keçirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları dinlənilmişdir.
Hörmətli deputatlar!
Bu bir il ərzində Milli Məclis deputatlarının seçki dairələrində işinə xüsusi diqqət yetirilmişdir. Millət vəkilləri öz seçiciləri ilə müntəzəm görüşlər keçirmiş, onları düşündürən məsələləri Milli Məclisin iclaslarında, eləcə də digər hakimiyyət orqanları qarşısında qaldırmışlar.
Hörmətli həmkarlar!
Milli Məclisdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində də lazımi tədbirlər həyata keçirilmişdir. Qeyd edim ki, il ərzində Milli Məclisin rəhbərliyi, komitə sədrləri, Aparatın rəhbəri və şöbə müdirləri, işlər müdiri tərəfindən 4 minə qədər vətəndaş qəbul edilmiş, parlamentdə 20 mindən çox vətəndaş müraciətinə baxılmışdır.
Hörmətli deputatlar!
Ötən dövrdə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülmüşdür. Nümayəndə heyətlərimiz üzv olduğumuz bütün beynəlxalq parlament təşkilatlarının fəaliyyətində həmişə olduğu kimi yaxından iştirak etmişlər.
Ümumiyyətlə, il ərzində 104 deputatımız 61 ölkəyə 495 səfər həyata keçirmişdir.
Milli Məclis sədrinin 13 ölkəyə rəsmi və 10 ölkəyə 12 işgüzar səfəri olmuşdur.
Həm deputatların, həm də Milli Məclis sədrinin səfərlərində dövlətimizin xarici siyasətinin parlament ölçüsünü təmin etmək üçün parlament diplomatiyasının imkanlarından istifadə edilmişdir.
Həmçinin, hörmətli deputatlarımız Türkiyədə keçirilən Prezident və parlament seçkilərini, Qazaxıstan, Özbəkistan, Bolqarıstan, Serbiya, Polşa və Kambocada keçirilən parlament seçkilərini müşahidə etmişlər.
Hörmətli həmkarlar!
Ötən dövrdə 68 ölkənin və 18 beynəlxalq təşkilatın 199 nümayəndə heyəti, ümumən 688 nəfər xarici qonaq Milli Məclisdə olmuşdur.
Milli Məclisin sədri 24 ölkənin parlament sədrləri və sədr müavinləri, 5 beynəlxalq parlament təşkilatının rəhbərləri, 8 ölkənin icra hakimiyyəti orqanlarının nümayəndələri, 9 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirmişdir.
Hörmətli deputatlar!
Parlamentin beynəlxalq əlaqələrinin inkişafına yönələn tədbirlərdən biri də 6 ölkənin parlamenti və parlament qurumu ilə əməkdaşlıq haqqında sənədlərin imzalanması olmuşdur. Belə ki, Türkiyə Böyük Millət Məclisi və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması ilə iş birliyi haqqında sazişlər bağlanmış, Misir Senatı, Serbiya Milli Assambleyası, Gürcüstan Parlamentinin Mədəniyyət komitəsi, Türkiyə Böyük Millət Məclisinin Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyası ilə Milli Məclis və ya onun müvafiq komitələri arasında anlaşma memorandumları və əməkdaşlıq protokolları da imzalanmışdır.
Onu da deyim ki, sədri olduğum Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı, Ərəb Parlamenti, Türkdilli Dövlətlərin Parlament Assambleyası, ASEAN Parlamentlərarası Assambleyası arasında əməkdaşlığa dair anlaşma memorandumları da imzalanmışdır.
Hörmətli həmkarlar!
Beynəlxalq təşkilatların xətti ilə 2 böyük tədbirə ev sahibliyi edilmişdir. Bu tədbirlər Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər daimi komitəsinin iclası, eləcə də Milli Məclisin və ATƏT-in Parlament Assambleyasının birgə təşkilatçılığı ilə təşkil edilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirməsi və dayanıqlı inkişaf vasitəsi ilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans olmuşdur.
Onu da qeyd edim ki, Milli Məclis bir tədbirini də Bəhreyndə, Manama şəhərində keçirmişdir. Bu, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ikinci konfransı idi. Bu, sırf Milli Məclisin təşkil edib keçirdiyi tədbir idi.
Bundan əlavə, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının və Bakı Təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya Dialoqları: miras, çağırışlar və nailiyyətlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Beləliklə, hörmətli deputatlar, Milli Məclis payız sessiyasını və 2023-cü ili uğurla başa çatdırır. Bununla əlaqədar mən sizə, səmərəli iş üçün hamınıza böyük təşəkkür edirəm.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI