Sahibə Qafarovanın parlamentin 2023-cü il  dekabrın 22-də keçirilən plenar iclasında çıxışı

0

Hörmətli həmkarlar! 

Bildiyiniz kimi, iki gün sonra, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin  doğum günüdür. 

Hörmətli deputatlar! 

Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan öz tarixinin ən şanlı dövrlərindən birini yaşayır. Biz siyasi, iqtisadi və hərbi qüdrəti ilə geniş bir bölgədə söz sahibi olan dövlətimizlə qürur duyuruq. 

Son 30 ildə ölkəmizin inkişafı yolunda ən böyük maneə olan bir problem artıq keçmişdə qalmışdır. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və bu il sentyabrın 20-də antiterror tədbirləri nəticəsində əzəli tarixi torpaqlarımız olan Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulmuş, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. 

Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasını layiqincə davam etdirən dövlət başçısı möhtərəm cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasət xətti dayanır. Məhz onun fenomenal liderlik məharəti, idarəçilik bacarığı, əzmi və cəsarəti  sayəsində Azərbaycan dünyanın sayılıb-seçilən dövlətləri sırasına çıxmışdır. 

Hörmətli həmkarlar! 

Möhtərəm cənab İlham Əliyev xalq və Vətən yolunda müstəsna xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır. 

Ölkəmizin sürətli və dinamik iqtisadi inkişafı xalqımızın və dövlətimizin xoşbəxt gələcəyini təmin edən möhtəşəm layihələri reallaşdırmağa imkan verir. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün Qarabağda öz miqyasına görə heyrət doğuran bərpa-quruculuq işlərini əzmlə həyata keçirir. 

Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız döyüş meydanlarında göstərdiyi hünərləri bu gün tikinti meydançalarında da nümayiş etdirir. Məcburi köçkün soydaşlarımız 30 il həsrətində olduqları ata-baba yurdlarına dönürlər.  

Hörmətli həmkarlar! 

Möhtərəm cənab Prezidentin təşəbbüsü və iştirakı ilə dünən Xankəndi şəhərində baş tutan tədbirlər Azərbaycanın öz torpaqlarının əsl sahibi olduğunu, “Qarabağ Azərbaycandır!” həqiqətini bir daha bütün dünyaya çatdırdı. 

Hörmətli deputatlar, təklif edirəm ki, doğum günü münasibəti ilə möhtərəm cənab Prezidentə Milli Məclis adından təbrik məktubu ünvanlayaq. 

Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ona yeni uğurlar arzulayaq. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir