Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında
Dekabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Komitə sədri Hicran Hüseynova gündəliyə 2 məsələnin – “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinin daxil edildiyini söyləyib.
Məsələləri təqdim edən komitə sədri Hicran Hüseynova bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında ölkə Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Diqqətə çatdırılıb ki, layihədə Qanunun preambulasından və bir sıra maddələrindən “yaxın” sözünün çıxarılması nəzərdə tutulur. Bu dəyişiklik yaxın qohum olmayan ailə üzvləri tərəfindən törədilən məişət zorakılığı hallarının Qanunun təsir dairəsindən kənarda qalmaması məqsədi daşıyır. Həmçinin, Qanunun şamil edildiyi şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə ər və arvadın yaxın qohumlarının da əlavə olunması təklif olunur.
Qeyd edilib ki, tərəflərin münasibətlərinin normallaşmasına dövlət orqanları tərəfindən kömək göstərilməsi məqsədəmüvafiq hesab edilsə də, ailədə münasibətlərin bərpa olunması ailə üzvlərinin öz seçiminə söykənməlidir. Bununla əlaqədar olaraq Qanunun 7.0.4-cü və 8.0.8-ci maddələrindən “və ailə münasibətlərinin bərpa olunmasına” sözlərinin çıxarılması nəzərdə tutulur.
Bildirilib ki, layihədə uşaq hüquqlarının daha effektiv qorunmasına xidmət edəcək dəyişikliklər də nəzərdə tutulub. Belə ki, Qanunun 8.0.7-ci maddəsində “müdafiəsi” sözlərindən sonra “o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72-ci maddəsində müəyyən edilmiş əsaslar olduqda onun valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq alınması” sözlərinin əlavə edilməsi təklif edilir.
Bununla yanaşı, məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlərin vacibliyi nəzərə alınaraq, yeni 16.2.4-1-ci müddəa əlavə edilir. Əlavədə ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi təklif olunur.
Qanuna edilən digər dəyişikliklərdə qısamüddətli mühafizə orderinin müddətinin 60 günədək artırılması təklif olunur. Habelə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizminin yaradılması məqsədilə qanuna “Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin monitorinqi və əlaqələndirilməsi” adlı yeni 19-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Sənəddə, həmçinin dəqiqləşdirmə və uyğunlaşdırma xarakterli əlavə və dəyişikliklər də edilib.
İclasda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Komitənin şöbə müdiri Taliyə İbrahimova qanun layihəsi barədə fikirlərini açıqlayıblar. Bildirilib ki, sənəd “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində hazırlanıb. Bu sahədə beynəlxalq təcrübənin araşdırıldığı, qanunvericiliyin təhlil edildiyi və müəyyən boşluqların aradan qaldırılmasının zəruri olduğu qeyd edilib. Qanuna təklif olunan dəyişikliklərin zərərçəkmişlərin hüquqlarının müdafiəsi istiqamətində önəmli olduğu söylənilib. Məişət zorakılığı ilə mübarizə sahəsində Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər barədə söhbət açılıb.
Məsələ ətrafında müzakirələrdə çıxış edən komitənin sədr müavini Jalə Əliyeva, üzvləri Tamam Cəfərova, Sədaqət Vəliyeva, Pərvin Kərimzadə, Sevil Mikayılova, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kamalə Paşayeva qanuna təklif edilən dəyişikliklərin mütərəqqi xarakter daşıdığını, məişət zorakılığı probleminin aradan qaldırılması istiqamətində önəmli olduğunu qeyd ediblər. Məişət zorakılığının qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin və maarifləndirmənin əhəmiyyətindən danışıblar.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitə sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib.
Bildirilib ki, layihə məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə hazırlanıb. Bununla bağlı bəzi qanunvericilik aktlarına müvafiq düzəlişlər nəzərdə tutulub.
Qeyd olunub ki, Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə Məcəllənin 355-4.4-cü maddəsində nəzərdə tutulan bütün qadağaların tətbiq edilməsi nəzərdə tutulur. Həmin orderin müddətinin aşağı həddi 30 gündən 60 günədək artırılır.
Diqqətə çatdırılıb ki, Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişiklik “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi ilə əlaqədardır. Belə ki, həmin layihədə məişət zorakılığından zərər çəkmiş şəxsin cinayət təqibi zamanı dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi nəzərdə tutulur. Qeyd edilənlərə əsasən, cinayət prosessual qanunvericiliyə uyğunlaşdırma xarakterli dəyişiklik edilərək, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsinin, yaxud məişət zorakılığından zərər çəkmiş şəxsin pulsuz hüquqi yardım almaq hüququ müəyyən edilir.
Layihədə İnzibati Xətalar Məcəlləsinin məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına dair 158.1-ci və 158.2-ci maddələrində nəzərdə tutulmuş xətaların təkrar törədilməsinə görə daha sərt inzibati tənbehin müəyyən edilməsi təklif edilir. Habelə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunla müəyyən edilmiş hallarda və müddətdə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə vəzifəli şəxslərin inzibati məsuliyyəti müəyyən edilir.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda edilən dəyişiklik dövlət hesabına hüquqi yardım alan şəxslərin dairəsinə məişət zorakılığından zərər çəkmiş şəxslərin də aid edilməsini nəzərdə tutur.
“Təhsil haqqında” Qanunda edilən dəyişiklik məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi məqsədilə təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərin dairəsinə dərsdənkənar məşğələlər zamanı təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların tədrisinin daxil edilməsini nəzərdə tutur.
Komitə üzvləri Rəşad Mahmudov və Nigar Arpadarai məsələ ilə bağlı bəzi fikir və qeydlərini səsləndiriblər.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI