“Diplomatiya həftəsi”nin iştirakçıları Milli Məclisdə olublar
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Bəhruz Məhərrəmov dekabrın 18-də Xarici İşlər Nazirliyinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Diplomatiya həftəsi”nin iştirakçıları ilə görüşüblər.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
“Heydər Əliyev və Azərbaycan Parlamenti” mövzusuna həsr edilən görüşdə Milli Məclisin komitə sədri Ziyafət Əsgərov gənc diplomatlara Ümummilli Lider Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti və zəngin dövlətçilik irsi barədə danışıb.
Ziyafət Əsgərov gənc diplomatlara Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində qarşılaşdığı böhranlardan söz açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində əvəzsiz rolundan və müstəsna xidmətlərindən bəhs edib. O, Heydər Əliyevin ölkənin Ali qanunvericilik orqanına sədrliyi dövründən danışaraq Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığı, qətiyyəti, uzaqgörən və müdrik siyasəti ilə bağlı şahidi olduğu faktları gənc diplomatlarla bölüşüb. Ziyafət Əsgərov Heydər Əliyevin ölkəmizin Ali Sovetinə rəhbərlik etdiyi dövrdə Azərbaycanın müasir parlamentarizm ənənələrinin formalaşması, dövlətçiliyin, ordu quruculuğunun möhkəmləndirilməsi, xarici siyasət konsepsiyasının hazırlanması kimi mühüm istiqamətlərdə atılan mühüm addımları diqqətə çatdırıb.
Görüşdə çıxış edən deputat Bəhruz Məhərrəmov Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanın ali rəhbərliyinə qayıdışını ölkəmizin müasir tarixində yeni siyasi eranın başlanğıcı kimi xarakterizə edib. O, bildirib ki, Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsində çalışdığı qısa zaman kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməlləri qoyulub.
Bəhruz Məhərrəmov vurğulayıb ki, Azərbaycanın indiki uğurlarının əsasında Heydər Əliyev ideyalarına sadiqlik, onun irsinin yaşadılması, Ulu Öndərin siyasi kursunun davam etdirilməsi dayanır.
Görüş gəncləri maraqlandıran mövzuların müzakirəsi ilə davam edib, onların sualları cavablandırılıb.
Sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Diplomatiya həftəsi”nin iştirakçıları Milli Məclisin inzibati binası ilə tanış olublar.
Parlamentin plenar iclas zalı ilə tanış olan qonaqlara Milli Məclisin fəaliyyəti, qanunvericilik prosesinin həyata keçirilməsi prosedurları haqqında məlumat verilib. Heydər Əliyev Xatirə zalını ziyarət edən gənclər burada müasir Azərbaycanın qurulmasında müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.
Sonda qonaqlar Milli Məclisin İnzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə qarşısında xatirə şəkli çəkdiriblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI