Regional məsələlər komitəsinin iclasında
Oktyabrın 3-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Komitə sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, iclasda ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olmuş “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Siyavuş Novruzov 3 oktyabr tarixinin Azərbaycan xalqının həyatında əlamətdar hadisə kimi yadda qaldığını söyləyib. O, Ulu öndər Heydər Əliyevin 30 il əvvəl həmin gün hakimiyyətə qayıdışının Azərbaycanın qurtuluşu və bugünkü uğurlarımızın təməli olduğunu deyib. O, bildirib ki, bu gün Ulu öndərin siyasəti uğurla davam etdirilir, Azərbaycanın müstəqil, suveren, demokratik dövlət kimi inkişaf etdirilməsi istiqamətində əməli addımlar atılır.
Sonra komitə sədri qanun layihəsi barədə məlumat verib. O, diqqətə çatdırıb ki, Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərində bu qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq, bir sıra dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən və Abşeron rayonunun inzibati ərazisində yerləşən müəyyən torpaq sahələrinin Sumqayıt şəhərinin inzibati ərazisinə verilməsi nəzərdə tutulub.
İclasda komitənin sədr müavini Elşən Musayev, üzvləri Cavid Osmanov, Emin Hacıyev, Aqil Məmmədov, Səttar Möhbalıyev çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı günü ilə əlaqədar öz ürək sözlərini söyləyiblər. Deputatlar ölkəmizin bugünkü qələbələrinin məhz həmin əlamətdar günün davamı olduğunu bildiriblər. Çıxışlarda bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun olaraq Ümummilli liderin qoyduğu irsin müvəffəqiyyətlə davam etdirilməsindən, ölkənin ərazi bütövlüyünün tam bərpa olunduğundan, suverenliyimizin təmin edildiyindən bəhs edilib.
Sonra millət vəkilləri qanun layihəsi barədə fikirlərini açıqlayaraq, son illər Sumqayıt şəhərinin daha da inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımların atıldığı, təqdim olunan sənədin məqsədəmüvafiq olduğunu deyiblər.
Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Malik Həsənov, Əliabbas Salahzadə və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI