Blinken xarici işlər nazirləri ilə görüşəcək – Dövlət Departamenti
ABŞ hesab edir ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması mümkündür və birbaşa dialoq əsas rol oynamalıdır.
“Turanın səsi ” xəbər verir ki, bunu mətbuat konfransında ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında iyunun 27-də Vaşinqtonda başlayacaq danışıqlara toxunan Miller Amerika tərəfinin müzakirə etmək istədiyi bir sıra məsələlərin olduğunu vurğulayıb.
“Burada aparılacaq müzakirələr çox incə diplomatik müzakirələrdir”, – deyən spiker danışıqların iyunun 29-dək davam edəcəyini vurğulayıb.
“Dövlət katibi Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək. Biz sülhün mümkün olduğuna və birbaşa dialoqun həll edilməmiş məsələlərin həlli və davamlı və layiqli sülhə nail olunmasının açarı olduğuna inanmaqda davam edirik”, – deyə Metyu Miller vurğulayıb.