Milli Məclis komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər müzakirə olunub

0

İyunun 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilib. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 4 məsələ daxil edilib. Bunlar  “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş), “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) və “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” (ikinci oxunuş) qanun layihələridir.

Tahir Mirkişili diqqətə çatdırıb ki, “Büdcə sistemi haqqında” Qanunda dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması, onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi göstərilib və burada dövlət büdcəsinə yenidən baxılma halları müəyyən edilib. O, bildirib ki, büdcəyə ediləcək düzəlişlərlə bağlı parlamentə daxil olan sənədlərdə 2023-cü il ərzində ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsinin, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı”nın icrasının, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqinin və digər zəruri tədbirlərin dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin neft-qaz və qeyri-neft/qaz sektoru üzrə əlavə gəlirləri, mövcud ehtiyatları və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd olunub. Bununla yanaşı yenidən baxılan dövlət büdcəsinin əsas parametrləri, o cümlədən xərc və gəlirlərində dəyişikliklərin edilməsi ilə bağlı qrafik göstəricilər də öz əksini tapıb.

Sonra maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verib. O, bildirib ki, Prezident İlham Əliyev tərəfindən cari ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlı əlavə maliyyə təminatının yaradılması, bununla əlaqədar olaraq ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və digər zəruri xərclərlə bağlı dövlət büdcəsi qarşısında yeni vəzifələr qoyulub. O, qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi cari ildə əlavə xərclərin qarşılanması üçün maliyyə təminatının yaradılması, cari və orta müddətli makro-iqtisadi və fiskal dayanıqlığa xələl gətirilməməsi, Dövlət Neft Fondunun aktivlərinin münbit qiymət konyunkturası şəraitində artımının davam etdirilməsi ilə bağlı hədəflər gözlənilməklə tərtib olunub.

Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin  toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır. Bunlar nəzərə alınaraq,  ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin güləndirilməsi üçün əlavə 1105,0 milyon manat vəsait tələb olunur. Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3000,0 milyon manat vəsait nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün 2260,0 milyon manat əlavə vəsaitin cəlb edilməsinə zərurət yaradıb.

Bildirilib ki, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər, o cümlədən xarici ölkələrə maliyyə yardımının göstərilməsi, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının əməkdaşlarının təminat və kompensasiyaları ilə bağlı yeni qaydaların qüvvəyə minməsi və bəzi xarici ölkələrdə səfirliklərin və diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması, BMT-nin iqlim dəyişməsi üzrə konsepsiyasına uyğun olaraq ölkənin qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi və bir sıra digər vəzifələrin icrası 795,9 milyon manat həcmində əlavə maliyyə təminatının yaradılmasını zəruri edir. 

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin əsas parametrləri ilə bağlı məlumata əsasən, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30774,0 milyon manata qarşı 3005,0 milyon manat və ya 9,8 faiz artırılaraq 33779,5 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3215,5 milyon manat  və ya 9,6 faiz artırılaraq 36568,8 milyon manata çatdırılacaq. Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2579,3 milyon manata qarşı 210,0 milyon manat və ya 8,1 faiz artırılaraq 2789,3 milyon manat olacaq.

Nəzərə çatdırılıb ki, dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi və ya 17739,7 milyon manatı neft sektorunun, 47,5 faizi və ya 16039,8 milyon manatı qeyri-neft sektorunun payına düşür. Gəlirlərin 14932,0 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 5728,0 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 11737,7 milyon manatı Dövlət Neft Fondundan transfertin, 801,0 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmalar, 580,8 milyon manatı digər gəlirlərin payına düşür.

Bildirilib ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,3 faizi və ya 22039,3 milyon manat, əsaslı xərclərə ümumi xərclərin 36,5 faizi və ya 13347,0 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi və ya 1182,5 milyon manat vəsait yönəldiləcək.

Qeyd olunub ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin kəsiri 210,0 milyon manat artırılaraq 2789,3 milyon manat məbləğinə çatdırılır. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq. 

Məlumat verilib ki, yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42949,1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 9923,4 milyon manat və ya 30 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41213,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3244,5 milyon manat və ya 8,5 faiz çoxdur. Qeyd olunub ki, icmal büdcə 4943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6678,9 milyon manat əlavə gəlirlər hesabına 1735,3 milyon manat profisit yaranacaq.

Sonra iclasda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. O, dürüstləşdirilmiş büdcədə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlir və xərclərinin istiqaməti barədə danışıb. Bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb.

Komitə sədri qeyd edib ki, dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manat təşkil etməsi təklif olunur. Fondun büdcəsinin 4 milyon manat həcmində gəliri əvvəlki illərdə istifadə olunmamış vəsaitdən formalaşacaq. DSMF dürüstləşdirilmiş büdcəsinin xərc hissəsində nəzərdə tutulmuş 4 milyon manat uşağın anadan olmasına görə müavinətin məbləğini 2023-cü ilin yanvar ayından 300 manatdan 500 manata qaldırılması xərclərini qarşılamaq üçün nəzərdə tutulub. Eyni zamanda, postkovid dövründə ölüm hallarının azalması səbəbindən dəfn üçün müavinətin 2023-cü ilin büdcəsində təsdiq edilmiş 41 milyon manatdan 4 milyon manat azaldaraq 37 milyon manata endirilməsi təklif olunur. Fondun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumunun aparatının və digər struktur bölmələrinin saxlanılması xərclərinin 4 milyon manat və yaxud 3,9% artırılaraq 106,7 milyon manat səviyyəsində olması nəzərdə tutulur. 

Bildirilib ki, İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcəsində gəlir və xərclərin 5 milyon manat artırılaraq 212,7 milyon manatdan 217,7 milyon manata çatdırılması nəzərdə tutulub. Büdcə gəlirlərinin 5 milyon manatlıq artımı İşsizlikdən Sığorta Fondunun 2022-ci ilin sonuna istifadə olunmamış vəsaiti hesabına təmin ediləcək. İşsizlikdən Sığorta Fondunun büdcə xərclərinin haqqı ödənilən ictimai işlərin təşkili, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi Dövlət Məşğulluq Agentliyinin strukturunun saxlanma xərcləri istiqamətində artımların olması nəzərdə tutulur. 

Sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun dürüstlədirilmiş büdcələri barədə fikirlərini açıqlayıb. O, ölkə Prezidentinin sosial sahədə islahatların həyata keçirilməsi ilə bağlı sərəncamlarının qüvvəyə mindiyini, bu islahatlar çərçivəsində icra olunan proqramların əksəriyyətinin 2023-cü ilin büdcəsində nəzərdə tutulduğunu söyləyib. DSMF-in büdcəsində dürüstləşmənin 4 milyon manat nəzərdə tutulduğunu deyən nazir, qeyd edib ki, burada əsasən müsbət demoqrafik dəyişikliklə bağlı uyğunlaşdırma aparılır. 

Bildirilib ki, İşsizlikdən Sığorta Fondunda isə cari ilin ilk 5 ayında müşahidə olunan dinamika çərçivəsində işsizliyə görə sığorta ödənişi, haqqı ödənilən ictimai işlərin təşkili, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün əlavə iş yerlərinin açılması, sosial müəssislərin yaradılması və məqsədli proqramların həyata  keçirilməsi tədbirlərinə əlavə vəsaitlər yönəldilir. 

Nazir ilin əvvəlindən həyata keçirilən sosial islahatlar çərçivəsində minimum əməkhaqqı və minimum pensiyaların, habelə sosial müavinətlər və təqaüdlərin məbləğinin artırıldığını qeyd edib. Bu istiqamətdə olan bütün artımların cari büdcə çərçivəsində ödənilməsinin planlaşdırıldığını söyləyib. 

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov makro-iqtisadi göstəricilərlə bağlı bir sıra məqamlara toxunub. 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərlə əlaqədar Palatanın rəyini təqdim edib. Rəydə Azərbaycan üzrə əsas iqtisadi meyillər, 2023-cü ilin yenidən baxılan dövlət büdcəsinin layihəsinin “Büdcə sistemi haqqında” Qanunun tələblərinə və büdcə qaydasına uyğunluğu, fiskal risklər, 2023-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsi gəlirləri və xərclərinin icra vəziyyəti, yenidən baxılan dövlət büdcəsinin gəlirləri və xərcləri, 2023-cü ilin yanvar-aprel aylarında kəsirin icra vəziyyəti, yenidən baxılan dövlət büdcəsinin kəsiri barədə məlumatlar öz əksini tapıb. Palata sədri, həmçinin “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunlara edilən dəyişikliklərlə bağlı müsbət rəy verildiyini bildirib.

Sonra komitə sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini ikinci oxunuşda diqqətə çatdıraraq, ötən ilin büdcəsinin gəlirlərinin və xərclərinin yüksək səviyyədə icra olunduğunu söyləyib.

Təqdim edilən məsələlər ətrafında aparılan müzakirələrdə çıxış edən komitə sədrlərinin müavinləri Əli Məsimli, Məlahət İbrahimqızı, Jalə Əliyeva, deputatlar Ziyad Səmədzadə, Səttar Möhbalıyev, Vahid Əhmədov, Vüqar Bayramov, Rauf Əliyev, Elnur Allahverdiyev, Aydın Hüseynov 2023-cü ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklərlə bağlı öz fikir və qeydlərini səsləndiriblər. Millət vəkilləri təqdim olunan qanun layihələrini ümumilikdə  müsbət dəyərləndiriblər.

Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov deputatların qaldırdığı bir sıra məsələlərə aydınlıq gətiriblər. 

Müzakirələrin sonunda gündəlikdəki qanun layihələrinin hamısı baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir