Milli Məclisin yaz sessiyası başa çatıb
Mayın 31-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2023-cü ilin yaz sessiyasında son iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Parlamentin sədri Sahibə Qafarova bildirib ki, bugünkü iclasda 14 məsələ müzakirə olunacaq. O, qeyd edib ki, gündəliyin birinci məsələsi – birinci oxunuşda müzakirəyə təqdim edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsidir.
İclasda məsələ barədə məlumatı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili nəzərə çatdırıb. O, qeyd edib ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat” “Büdcə sistemi haqqında” Qanunla müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim edilib.
Komitə sədri bildirib ki, 2022-ci ilin dövlət büdcəsi ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət və təhlükəsizlik tədbirləri ilə uzlaşdırılaraq, qlobal iqtisadiyyatda gedən proseslərin, regionda baş verən hadisələrin, müdafiə və təhlükəsizlik çağırışlarının, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunub.
O, diqqətə çatdırıb ki, 2022-ci il Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixində Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi və işğalçı Ermənistan üzərində qazanılan hərbi-siyasi-iqtisadi Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı bir il kimi qalacaq. Məhz bu ildə ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsilə Böyük Qayıdışa start verilib, Zəngilan Beynəlxalq Hava Limanı açılıb, Laçın şəhəri nəzarətimizə keçib, Laçın koridorunun marşrutu dəyişdirilib, Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, su və digər layihələrin həyata keçirilməsi davam etdirilib. Qeyd edilib ki, bu işlərin aparılması üçün hesabat ilində dövlət büdcəsindən 4.3 milyard manat vəsait xərclənib.
Tahir Mirkişili bildirib ki, Azərbaycanda 2022-ci ildə iqtisadiyyatın real artımı gözlənilən 3.5% proqnoza qarşı 4.6% olub, Ümumi Daxili Məhsulun həcmi isə ilk dəfə ən yüksək həddə – 133.8 milyard manata çatıb. Qeyri-neft-qaz sektorunda artım 9.3% olaraq 69.8 milyard manat təşkil edib. 2021-ci ilin göstəriciləri ilə müqayisədə artan 40.6 milyard manatlıq Ümumi Daxili Məhsulun 69.5%-i neft-qaz sektorunun, 30.5%-i isə qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. İl ərzində neft-qaz qiymətlərində əvvəlki illə müqayisədə əhəmiyyətli artımın müşahidə olunması ÜDM-in strukturunda neft-qaz və qeyri-neft-qaz sektorlarının xüsusi çəkilərinin dəyişməsi ilə nəticələnib. Belə ki, neft-qaz sektorunun ÜDM-də payı 47,8%, qeyri-neft-qaz sektorunun payı isə 52,2% təşkil edib.
Qeyd edilib ki, ötən il dünyada müşahidə olunan mürəkkəb proseslər fonunda Azərbaycanda görülən tədbirlər nəticəsində makro-iqtisadi sabitliyə nail olunsa da, 2022-ci ildə orta illik inflyasiya ölkə üzrə 13.9%, ərzaq inflyasiyası isə 19.5% olub. Hesabat ilində əhalinin nominal gəlirlərinin 20.5% artması inflyasiyanın neqativ təsirlərinin yumşaldılmasına yönəldilib.
Nəzərə çatdırılıb ki, hesabat ilində əsas kapitala yönəldilən vəsaitin məbləği əvvəlki ilə nisbətən 5,5 faiz artaraq 18,3 milyard manat təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 80,6 faizi daxili mənbələr hesabına formalaşıb, investisiyaların 29,5 faizi neft, 70,5 faizi isə qeyri-neft sektoruna yönəldilib. Qeyd olunub ki, ötən il ölkənin dövlət borcu 490.7 milyon manat artaraq 15 566.6 milyon manat təşkil edib. Dövlət borcunun 73.1%-ni təşkil edən xarici birbaşa dövlət borcu 700.2 milyon dollar azalaraq 6 693.2 milyon dollar təşkil edib. Daxili dövlət borcunun isə səviyyəsi 1 681.1 milyon manat artaraq 4 182.2 milyon manat təşkil edib.
Dövlət büdcəsinin əsas parametrləri barədə məlumat verən komitə sədri bildirib ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 29 197,8 milyon manat proqnoza qarşı 30 679,6 milyon manat təşkil edib və proqnozla müqayisədə 1 481.8 milyon manat və ya 5,1 faiz çox icra olunub.
Qeyd olunub ki, gəlirlərin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 15 350.0 milyon manat təşkil edib, neft sektoru üzə daxilolmalar isə 15 329.6 milyon manat olub. Vergi orqanları xəttilə dövlət büdcəsinə daxilolmalar 15 543.0 milyon manat təşkil edib. Daxil olan vergilərin 52.3%-i, yəni 8 136.3 milyon manatı qeyri-neft sektorunun, 47.7%-i, yəni 7 406.6 milyon manatı isə neft sektorunun payına düşür. Bununla yanaşı, 2022-ci ildə vergi orqanları xətti ilə 495.9 milyon manat artıq ödənilmiş vəsait geri gaytarılıb. Bildirilib ki, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 5 654.6 milyon olub. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar isə 804.1 milyon manat təşkil edib. Qeyd edilib ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği 11 517.5 milyon manat proqnoza qarşı, 3 594.5 milyon manat az, və ya 7 923 milyon manat həcmində icra edilib. Bu göstərici son 5 ilin ən aşağı göstəricisidir və buna büdcə gəlirlərinin artması nəticəsində nail olunub. Ötən il səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərin həcmi isə 130.7 milyon manat təşkil edib. Dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində ümumilikdə 60 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə bərpa olunduğu bildirilib.
Ötən il üzrə dövlət büdcəsinin xərcləri barədə danışan komitə sədri diqqətə çatdırıb ki, təsdiq olunmuş 32 303.8 milyon manat xərcin 32 064.6 milyon manatı, yəni 99.3%-i icra olunub və bu icra faizi son illərin ən yüksək icra faizidir. Xərclərin 55.3%-ni cari xərclər, 39.1%- ni əsaslı xərclər, 5.6%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edib.
Bildirilib ki, 2022-ci ildə sosialyönümlü xərclər dövlət büdcəsinin icrasında xərclərin 36,1 faizi və ya 11 576,9 milyon manat həcmində olub. Ümumilikdə isə son 5 ildə sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,4 faiz-bənd, mütləq ifadədə isə 4380,4 milyon manat və ya 1,6 dəfə artıb. Qeyd olunub ki, sosialyönümlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 7465,7 milyon manat, sosial ödənişlər üzrə xərclərə 3550,7 milyon manat , ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 466,5 milyon manat, dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 94,1 milyon manat vəsait yönəldilib.
Hesabata əsasən, 2022-ci ildə 3 pilot sektorda (“Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi”) OMXÇ-nin tətbiqi və nəticə əsaslı büdcə mexanizminə keçid istiqamətində tədbirlər çərçivəsində Təhsil bölməsinə orta müddət üçün 31 strateji hədəfin icrası məqsədilə 17 proqramın, 25 subproqramın və 111 tədbirin həyata keçirilməsi üçün 3 696.5 milyon manat vəsait yönəldilib. Kənd təsərrüfatı bölməsinə orta müddət üçün 12 strateji hədəfin icrası məqsədilə 5 proqramın, 15 subproqramın və 29 tədbirin həyata keçirilməsi üçün 920.1 milon manat vəsait yönləndirilib. Ətraf mühitin mühafizəsi bölməsinə orta müddət üçün 6 strateji hədəfin icrası məqsədilə 4 proqramın, 10 subproqramın və 31 tədbirin həyata keçirilməsi üçün 281.6 milon manat vəsait yönləndirilib. Ümumlikdə, nəticə əsaslı büdcənin tətbiqi məqsədilə yönəldilən vəsaitlər dövlət büdcəsi xərclərinin 15.3%-ni təşkil edib.
Bildirilib ki, 2022-ci ildə dövlət büdcəsindən səhiyyə xərclərinə ayrılmış 1 428.5 milyon manat vəsaitin 1417.9 milyon manatı və ya 99.3%-i icra olunub. Təhsil üçün ayrılmış 3732.6 milyon manatın 99%-nin icrası təmin edilib. Elm üçün ayrılmış xərclər 167.8 milyon manat həcmində icra olunub. Hesabat ilində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə 1 132.0 milyon manat vəsait yönəldilib. Müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 5622,5 milyon manat məbləğində vəsait yönəldilib. Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə 540.1 milyon manat, meliorasiya tədbirlərinin maliyyə təminatı üçün 413.9 milyon manat vəsaitin dövlət büdcəsindən icrası təmin olunub. Ötən il 42 publik şəxsə dövlət sifarişi əsasında bir sıra iş və xidmətlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən 319.6 milyon manat vəsaitin ödənişi icra edilib.
Tahir Mirkişili diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4311,0 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin 4070,9 milyon manatı infrastruktur təyinatlı layihələrin tikintisinə, yenidən qurulmasına, 99,9 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 60,9 milyon manatı müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmirinə, 54,5 milyon manatı sosial təyinatlı layihələrin, 24,8 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.
Hesabat ilində 76 diplomatik nümayəndəlik və konsulluqların saxlanılması və onların fəaliyyəti ilə bağlı digər xərcləri üçün 122 milyon manat vəsaitin icrası təmin olunub.
Dövlət büdcəsi xərclərinin 47.8%-i və ya 15 341.6 milyon manatı dövlət proqramlarının və məqsədli tədbirlərin təminatına yönəldilib.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üçün 2 418,7 milyon manat vəsait yönəldilib.
Bildirilib ki, 2022-ci ildə dövlət büdcəsinin yerli gəlirləri 1030,2 milyon manat proqnoza qarşı 1113,9 milyon manat məbləğində və ya 8,1 faiz çox icra olunub. Dövlət büdcəsinin yerli xərcləri isə 1070,1 milyon manat proqnoza qarşı icra 1013,5 milyon manat və ya 94,7 faiz olunub. Ötən il dövlət büdcəsi kəsirinin yuxarı həddi 3106,0 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1385,0 milyon manat təşkil edib. Dövlət büdcəsinin kəsiri 2022-ci ilin faktiki ÜDM-in 1,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 2,8 faiz-bənd az olub.
Qeyd olunub ki, 2022-ci il icmal büdcənin gəlirləri 36760,9 milyon manat proqnoza qarşı 6336,7 milyon manat və ya 17,2 faiz çox icra edilməklə, 43097,6 milyon manat təşkil edib. İcmal büdcənin xərcləri isə 35640,9 milyon manat proqnoza qarşı 98,4 faiz icra olunub.
Komitə sədri Tahir Mirkişili bildirib ki, 2022-ci il üçün dövlət büdcəsinin icrası ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin icrası, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, iqtisadi subyektlərin dəstəklənməsi, müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün lazımi maliyyə təminatı yaratmış və öz müsbət rolunu oynamışdır.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyini təqdim edib.
Palata sədri bildirib ki, 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi və hesabat qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlanıb. Büdcənin icrası ilə bağlı təqdim olunan sənədlərin siyahısı əvvəlki illərlə müqayisədə nisbətən artırılıb, məlumatların keyfiyyətinin yüksəldilməsi istiqamətində addımlar atılıb. O, deyib ki, ötən il icra edilən ölkənin əsas maliyyə sənədi xarakterinə görə əvvəlki sənədlərdən yeni məsuliyyət normalarının icrası baxımından fərqlənir. Bu, ilk növbədə ölkə Prezidentinin tapşırığı ilə işğaldan azad edilən torpaqların yenidən qurulmasının, həmçinin 2022-ci ildə ölkənin sosial-iqtisadi inkişaf strategiyasının ilk ilinin icrasının maliyyə qaynağının dövlət büdcəsi olması ilə əlaqəlidir.
Vüqar Gülməmmədov qeyd edib ki, 2022-ci ilin sonuna büdcə qaydasının 1-ci göstəricisi – icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti üzrə faktiki göstərici hədəflənən maksimal kəsirdən az olub. Büdcə qaydasının digər göstəricisi – dövlət borcunun ÜDM-ə nisbəti üzrə də hədəfə əməl olunub. O, söyləyib ki, neftin qiymətinin yüksək olması nəticəsində xərclənmiş dövlət büdcəsinin neft gəlirləri əvvəlki ilə nisbətən 13,2% artaraq 15,3 milyard manata çatsa da, cəmi gəlirlərdə payı 1,3 faiz bəndi azalıb.
Sonra Palata sədri fiskal sahəyə dair bəzi məqamları diqqətə çatdırıb. O, bildirib ki, 2022-ci ildə qeyri-neft-qaz iqtisadiyyatının və qeyri-neft gəlirlərinin əhəmiyyətli artımı fonunda cari xərclərin qeyri-neft-qaz sektoru hesabına təmin olunma göstəricisi üzrə müsbət meyillər müşahidə olunub. Ötən ildə cari xərclərin qeyri-neft-qaz gəlirləri ilə təmin olunma səviyyəsinin əvvəlki illə müqayisədə 9 faiz bəndi artdığını, qeyri-neft gəlirlərinin 15,4 milyard manat olmaqla cari xərclərin 86,5%-ni təşkil etdiyini söyləyib. Qeyd olunub ki, 2022-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 106,5 milyon manat proqnozlaşdırılıb, icra isə 130,7 milyon manat olub. Proqnozun artıq icra edilməsinə baxmayaraq, bəzi müəssisələr tərəfindən dövrün sonuna xalis mənfəətin əldə edilməsi fonunda bu mədaxil mənbəyi üzrə daxilolma nəzərdə tutulmamış və icra edilməmişdir.
Vüqar Gülməmmədov 2022-ci ildə dövlət büdcəsində icra edilmiş xərclərin əvvəlki ilə nisbətən artdığını deyib. İl ərzində xərclər üzrə aparılmış dəyişikliklərin ötən illə müqayisədə artdığını, bu dəyişikliklərin büdcənin icrasına təsir göstərdiyini söyləyib.
Nəzərə çatdırılıb ki, 2022-ci ildə ölkə üzrə ümumilikdə 12102 sayda satınalma tətbiq edilməklə 6,8 milyard manat məbləğində satınalma müqavilələri bağlanıb və bu 2021-ci illə müqayisədə 767,5 milyon manat çoxdur.
Palata sədri bildirib ki, fiskal diaqnostika alətlərinin tələblərində xərclər üzrə kreditor borcların uçotunun aparılmasının, həmin borcların məbləğinin müəyyən həddən aşağı olmasının və onların monitorinqinin vacibliyi vurğulanır. O, deyib ki, nəzarət tədbirlərinə əsasən, bir sıra qurumlar üzrə kreditor borcların olmasına baxmayaraq, onlar tərəfindən həmin borclar büdcə və maliyyə hesabatlarında tam əks etdirilməyib.
Qeyd olunub ki, 2022-ci il üçün dövlət əsaslı vəsait qoyuluşu xərcləri 3,3 milyard manat nəzərdə tutulub, 99,8% səviyyəsində icra edilib. Hesabat ilində 95 istiqamətdə ümumilikdə 1,4 milyard manat subsidiya icra edilib ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 4,4%-ni təşkil edir. Dövlət büdcəsinin icrası barədə illik hesabatda dövlət proqramları və məqsədli tədbirlər üzrə xərclərin əhatə dairəsi əvvəlki illərə nisbətən artırılıb.
Sonra məsələ ətrafında geniş müzakirələr aparılıb. Komitə sədrləri Hicran Hüseynova, Qənirə Paşayeva, deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Razi Nurullayev, Aqiyə Naxçıvanlı, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Aydın Hüseynov 2022-ci ilin dövlət büdcəsinin uğurla icra olunduğunu söyləyiblər. Millət vəkilləri öz çıxışlarında bəzi qeyd və təkliflərini də səsləndiriblər.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Milli Məclisi sədri Sahibə Qafarova növbəti 7 məsələnin ikinci oxunuşda olan qanun layihələri olduğunu bildirib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verərək, aparılan müzakirələr zamanı qaldırılan məsələlərə aydınlıq gətirildiyini, ötən müddət ərzində bu sənədlə bağlı hər hansı təklif və iradın daxil olmadığını deyib.
Sənədin əsas məqsədi sahibkarların maraqlarının gücləndirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsidir. Təklif olunan dəyişikliklər yoxlayıcı orqanlar üçün əlavə tədbirlər müəyyən edir ki, bu da sahibkarlıq subyektlərinin yoxlamalarla bağlı qanunla qorunan hüquqlarını daha da möhkəmləndirir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O, birinci oxunuşdan sonra məsələ ilə bağlı heç bir rəy və təklifin daxil olmadığını və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Layihədə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallardan başqa, həmçinin mülki işlər üzrə birinci və apellyasiya instansiyalarında da peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxslərin dövlət hesabına vəkillə təmin olunmasının hüquqi əsasları müəyyən edilir.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 5 məsələsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır.
O, qeyd edib ki, gündəliyin 4-cü məsələsi – “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (ikinci oxunuş), 5-ci məsələsi – “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda (ikinci oxunuş), 6-cı məsələsi – “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (ikinci oxunuş), 7-ci məsələsi – Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında (ikinci oxunuş) və 8-ci məsələsi – “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında (ikinci oxunuş) dəyişikliklər edilməsi barədə qanun layihələridir.
Spiker 4-cü, 5-ci və 6-cı məsələlərə Elm və təhsil komitəsində baxıldığını söyləyib.
Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev həmin qanun layihələri barədə məlumat verərək, adı çəkilən qanunlara ümumilikdə 55 dəyişiklik edildiyini söyləyib və bəzi məqamları nəzərə çatdırıb. O, 60 yaşdan 65 yaşadək təhsilverənlərin ümumtəhsil məktəblərində sertifikasiyadan könüllü keçməsi ilə bağlı məsələyə toxunub. Komitə sədri bildirib ki, sertifikasiyadan keçənlərin topladığı bala uyğun olaraq onların əmək haqları artırılır, sertifikatlaşdırmadan keçmək istəməyənlər də növbəti 5 ildə öz fəaliyyətlərini davam etdirə bilərlər. Bəxtiyar Əliyev 65 yaşa çatmış müəllimlərin pensiyası ilə bağlı məsələyə dair bildirib ki, müvafiq qanunvericiliyə uyğun olaraq 65 yaşa çatmış şəxslərin hər il, 5 ildən çox olmayaraq, əmək fəaliyyəti işlədiyi qurum tərəfindən uzadıla bilər. Bununla yanaşı, həmin sahədə xidmətləri olmuş şəxslərin göstərilən 5 ildən əlavə olaraq işləmək müddətinin meyarları müəyyən edilir. Komitə sədri ixtisas təcrübəsi ilə bağlı və digər bir sıra məsələlərə də aydınlıq gətirib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyin 7-ci məsələsi – Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, adı çəkilən qanunlara təklif olunan dəyişikliklərin əsas məqsədi təhsil sahəsində islahatların dərinləşdirilməsi, təhsilverənlərin sertifikatlaşdırılmasının hüquqi əsaslarının genişləndirilməsi və onların sosial müdafiəsinin daha da yaxşılaşdırılmasından ibarətdir.
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu məsələyə dair rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb.
Sonra Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov 8-ci məsələ – “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, bundan əvvəl təqdim edilən sənədlərdə qeyd olunanlarla əlaqədar bu layihədə də uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunur.
Bu sənəd barədə Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin rəylərini səsləndiriblər.
Komitə sədri Siyavuş Novruzov, deputatlar Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Vüqar Bayramov, İsa Həbibbəyli fikirlərini açıqladıqdan sonra ikinci oxunuşda təqdim olunan bu 5 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, layihənin birinci və ikinci oxunuşu zamanı aparılan müzakirələrdə heç bir əlavə rəy və təklifin irəli sürülmədiyini bildirib və sənədin səsə qoyulmasını xahiş edib.
Nurlan Həsənov Hüquq siyasəti və dövlət quruculuğu, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya, Səbinə Xasayeva Regional məsələlər komitələrinin məsələ ilə bağlı müsbət rəylərini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Parlamentin spikeri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 4 məsələsində təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. O, bildirib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihələri bir oxunuşda qəbul ediləcək.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verərək bildirib ki, qanunun 12-ci maddəsinin səkkizinci hissəsində “orqanları” sözünün “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilməsi təklif olunur. Dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır.
Deputat Tahir Kərimli bəzi mülahizələrini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. O, bildirib ki, qanunun 13.1-ci maddəsinin mətnində “açıqlanması” sözünün maddənin adına uyğun olaraq “təşviqi” sözü ilə əvəz edilməsi təklif olunur. Vitse-spiker qeyd edib ki, dəyişiklik normanın adı ilə məzmunu arasında uyğunluğun təmin edilməsi məqsədi daşıyır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. O, bildirib ki, qanunun 13-cü maddəsinin dördüncü hissəsinə “müəssisələri” sözündən sonra “və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər” sözlərinin əlavə edilməsi nəzərdə tutulur. Qeyd olunub ki, sənəd “Nağdsız hesablaşmalar haqqında” Qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma məqsədi daşıyır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. O, qeyd edib ki, Mülki Məcəllənin tələbinə uyğun olaraq adıçəkilən qanunda “hərrac” anlayışının dəqiqləşdirilməsi həyata keçirilir. Dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov gündəliyin sonuncu məsələsi – “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Qeyd olunub ki, sənəd məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların dərinləşdirilməsi istiqamətində həyata keçirilən işlərin davamı olaraq, məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi, Məhkəmə-Hüquq Şurasının, habelə Hakimlərin Seçki Komitəsinin formalaşdırılması qaydalarının təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.
Layihədə Məhkəmə-Hüquq Şurasının formalaşdırılması qaydasına və üzvlərinin tərkibinə yenidən baxılması nəzərdə tutulur. Dəyişikliklərdə Məhkəmə-Hüquq Şurasının icra hakimiyyəti orqanlarının nümayəndələrindən olan üzvlərinin sayının azaldılması, hakim üzvlərinin sayının artırılması, Məhkəmə-Hüquq Şurasının hakim üzvlərinin hakimlərin konfransı tərəfindən seçilməsi, Məhkəmə-Hüquq Şurasının sədrinin isə Şuranın yalnız hakim üzvləri sırasından seçilməsi təklif edilir.
“Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna təklif olunan yeni maddədə hakimlərin konfransının təşkil edilməsi, fəaliyyət istiqamətləri, tərkibi və qərarların qəbul edilməsi qaydaları əks olunur. Qeyd edilir ki, Hakimlərin Seçki Komitəsinin tərkibinə qanunvericilik hakimiyyəti orqanının – Milli Məclis Aparatının nümayəndəsinin də daxil edilməsi nəzərdə tutulur.
Deputatlar Fazil Mustafa, Qüdrət Həsənquliyev, Etibar Əliyev, Kamran Bayramov məsələyə dair fikirlərini və bəzi qeydlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Milli Məclisin plenar iclasına yekun vuran spiker Sahibə Qafarova qeyd edib ki, bu gün yaz sessiyasının son iclasıdır. Diqqətə çatdırılıb ki, Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 83 deputat növbədənkənar sessiyanın çağırılması üçün Milli Məclisin sədrinə müraciət edib. Sahibə Qafarova bildirib ki, o, bu barədə sərəncam imzalayıb və iyun ayında parlamentin növbədənkənar sessiyası olacaq.
Ötən sessiyada görülmüş işlər haqqında məlumat verən spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Milli Məclisin 2023-cü ilin yaz sessiyasında 14 iclası keçirilib, 91 qanun qəbul edilib. Başqa sözlə, 1 yeni qanun qəbul olunub, 72 qanunda dəyişiklik edilib, 18 beynəlxalq müqavilə təsdiqlənib.
Parlamentin sədri Sahibə Qafarova deyib ki, Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir.
Sahibə Qafarova bildirib ki, yaz sessiyasının ən önəmli hadisəsi xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Milli Məclisin mayın 16-da keçirilən xüsusi iclası olmuşdur. Milli Məclisin sədri Sahibə Qafarova xarici ölkələrin 27 parlament sədrinin və sədr müavininin, 57 parlament üzvünün, 4 beynəlxalq parlament təşkilatının, eləcə də diplomatik korpusun təmsilçilərinin xüsusi iclasda iştirak etməsini, ümumiyyətlə, xarici ölkələrin 228 nümayəndəsinin Bakıya gəlməsini Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinin, dünya siyasət sənətinə verdiyi töhfələrin beynəlxalq miqyasda nə qədər yüksək qiymətləndirildiyinin daha bir nümayişi kimi dəyərləndirib.
Yaz sessiyasında görülmüş işlər haqqında danışarkən spiker Sahibə Qafarova hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlığın Milli Məclisin qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsinə kömək göstərdiyini qeyd edib, parlamentlə hökumət arasında qurulmuş konstruktiv iş birliyini xüsusi vurğulayıb. Hökumətin müxtəlif strukturlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri mütəmadi olaraq Milli Məclisin və komitələrin iclaslarına dəvət olunmuş, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilmiş, eyni zamanda, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınmışdır.
Milli Məclisin sədri Sahibə Qafarova böyük ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və qanun layihələrinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə ictimai dinləmələrin keçirilməsindən söz açıb. Bildirilib ki, ötən sessiya dövründə Milli Məclisin Gənclər və idman komitəsi “Heydər Əliyev – müasir Azərbaycan gənclər siyasətinin banisi” mövzusunda, İnsan hüquqları komitəsi “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda, Mədəniyyət komitəsi Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi ilə birlikdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi ilə əlaqədar, habelə Elm və təhsil komitəsi Elm və Təhsil Nazirliyi ilə birlikdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçiriblər.
Diqqətə çatdırılıb ki, qanunvericilik sahəsində görülən işlərlə yanaşı, Milli Məclis bəzi xarici dövlətlər tərəfindən Azərbaycanın suverenliyinə qarşı yönələn hərəkətlərə etiraz əlaməti olaraq bəyanatlar da qəbul etmişdir. Eyni zamanda parlamentin səlahiyyət dairəsinə daxil olan təyinat məsələləri həll edilmişdir. Ümumən ötən sessiyada Milli Məclisin 14 qərarı qəbul olunub.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, yaz sessiyasında Milli Məclisin nəzarət funksiyasının yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər də görülmüşdür. Belə ki, Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun hesabat, məruzə və məlumatları dinlənilmişdir.
Yaz sessiyası ərzində parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən spiker Sahibə Qafarova deyib ki, bu sessiyada, yəni keçən 4 ayda Milli Məclisin 85 deputatı 33 ölkəyə 213 səfər həyata keçirmiş, üzv olduğumuz beynəlxalq təşkilatların hamısının toplantılarında iştirak və çıxış etmişlər. Milli Məclisin deputatları həmçinin Türkiyədə keçirilən prezident və parlament seçkilərini, habelə Qazaxıstanda və Bolqarıstanda keçirilən parlament seçkilərini müşahidə etmişlər. Ötən sessiyada 41 ölkənin və 7 beynəlxalq təşkilatın 67 nümayəndə heyəti, ümumən 343 nəfər xarici qonaq Milli Məclisdə olmuşdur.
Spiker Sahibə Qafarova ötən sessiyada 5 ölkəyə rəsmi və 6 ölkəyə işgüzar səfərlər etdiyini, Milli Məclisdə isə 17 ölkənin parlament sədrləri və sədr müavinləri, 5 beynəlxalq parlament təşkilatının rəhbərləri, 1 ölkənin icra hakimiyyəti orqanının nümayəndəsi, 5 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirdiyini bildirib. Görüşlərdə aparılan danışıqlarda ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə edilmişdir.
Sahibə Qafarova qeyd edib ki, 3 ölkənin qanunvericilik orqanları ilə Milli Məclis arasında əməkdaşlıq haqqında saziş və anlaşma memorandumları imzalanıb. Eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisinin sədri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Türkdilli Dövlətlərin Parlament Assambleyası, Ərəb Parlamenti, ASEAN Parlamentlərarası Assambleyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları da imzalamışdır. Bundan başqa Türk Dövlətlərinin Parlament Assambleyasında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə müşahidəçi statusu verilmiş, TÜRKPA isə Parlament Şəbəkəsində müşahidəçi statusu almaq üçün müraciət etmişdir.
Milli Məclisin sədri bildirib ki, mayın 22-də Azərbaycan parlamenti böyük bir beynəlxalq tədbirə ev sahibliyi edib. Belə ki, Milli Məclisin və ATƏT-in Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən konfransda ATƏT-in üzvü olan 27 ölkənin və 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişlər.
Milli Məclisin yaz sessiyasını uğurla başa çatdırdığını deyən spiker Sahibə Qafarova bununla əlaqədar deputatlara səmərəli iş üçün təşəkkür edib.
Çıxışının sonunda parlamentin sədri Milli Məclisin 2023-ci il yaz sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da Milli Məclisin 2023-ci il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI