Milli Məclisdə Azərbaycan Prezidentinin YAP-ın VIII qurultayında regional inkişaf və yerli özünüidarəetmə sahəsində qarşıya qoyduğu vəzifələrə dair konfrans keçirilib
Oktyabrın 21-də Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfrans keçirilib.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov tədbir iştirakçılarını salamlayaraq, vurğulayıb ki, konfransda ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən hadisələrdən olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qəbul olunan qərarlardan, xüsusilə Partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu çıxışından irəli gələn məsələlər geniş müzakirə olunacaq.Birinci vitse-spiker bildirib ki, Qurultayda ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin bu günü və gələcək inkişafı baxımından bir çox önəmli mesajlarla yadda qalıb. Əli Əhmədov qlobal dünyada və həyatımızda ciddi dəyişikliklərin baş verdiyini, bu dəyişikliklərin bütövlükdə bəşəriyyət üçün mühüm bir keçid dövrünü əks etdirdiyini diqqətə çatdırıb. O, həyatın bütün sahələrində müşahidə olunan texnoloji keçid, o cümlədən rəqəmsal inkişaf, süni intellektin tətbiqi ilə bağlı məqamları qeyd edib, ideoloji baxımdan əvvəlki nəzəriyyələrin yeni cərəyanlarla zənginləşərək dünyanın siyası mənzərəsini dəyişdiyini söyləyib.

Arzu Paşaqızı