İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Dekabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 14 məsələ daxil edilib və birinci 4 məsələ birinci oxunuşda, qalan 10 məsələ isə ikinci və üçüncü oxunuşda olan qanun layihələridir.
“Turanın səsi” xəbər verir ki , Əvvəlcə iclasda 5-14-cü məsələlər – təhsil müəssisələri tərəfindən idxal olunan avadanlıqların və cihazların 2 il müddətinə gömrük rüsumundan azad edilməsini özündə ehtiva edən “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), valyuta əməliyyatlarına nəzarəti artırmaq üçün hazırlanmış “Valyuta tənzimi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), işğaldan azad olunmuş ərazilərin rezidentlərinin 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutan “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), Ələt azad iqtisadi zonasının miqrasiya sahəsində münasibətlərini tənzimləyən Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasına qarşı hazırlanmış “Hədəfli maliyyə sanksiyaları haqqında” (ikinci oxunuş) və Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar hazırlanmış Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və gömrük dəyərinin müəyyən edilməsi üçün yeni yanaşmaları özündə ehtiva edən Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələridir.
Komitə sədri bildirib ki, bu qanun layihələri ilə bağlı əvvəlki oxunuşlarda kifayət qədər məlumat verilib və sənədlərlə bağlı heç bir dəyişiklik və ya irad bildirilməyib.
Deputat Vahid Əhmədovun 10-cu məsələ olan “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsi barədə qaldırdığı məsələyə komitə sədri Tahir Mirkişili və Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov aydınlıq gətirəndən sonra qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra iclasda gündəliyin qalan 4 qanun layihəsinə – birinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə, Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi barədə, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.
Qanun layihələri barədə məlumat verən Tahir Mirkişili qeyd edib ki, sənədlər cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsinə, keyfiyyətinin artırılmasının, innovativliyin, investisiya cəlbediciliyinin və istehlakçıların maraqlarının qorunmasının təmin edilməsinə xidmət edir.
İKT-nin iqtisadiyyatın inkişafına təsirlərindən söz açan komitə sədri Azərbaycanda da bu sahəyə göstərilən yüksək dövlət qayğısından danışıb. O, qanun layihələrində İKT sahəsinin inkişaf etdirilməsi, bu sahədə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin dəstəklənməsi, ölkədə rəqəmsal inkişafın təşviq edilməsi, xarici investisiyaların, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb edilməsi üçün nəzərdə tutulan güzəştlər barədə ümumi məlumat verib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov qanun layihələrinin cənab Prezidentin “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn məsələlərə uyğun olaraq hazırlandığını diqqətə çatdırıb.
Azərbaycanda İKT sahəsində qlobal sahədə rəqabətə dözümlü məhsulların hazırlanması üçün görülən işlərdən, kadr hazırlığı və təminatı məsələlərindən danışan nazir müavini deyib ki, qanun layihələrində təklif olunan dəyişikliklərin məqsədi Azərbaycanda İKT sahəsinə həm daxili, həm də xarici sərmayələrin cəlb edilməsi, rəqabətədözümlü məhsulların yaradılması və ixrac edilməsi kimi hədəflərdir.
Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov İKT sahəsinin əlavə dəyər yaradılması baxımından əhəmiyyətini vurğulayaraq, təklif olunan dəyişikliklərdə texnologiyalar parkından kənarda fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərinin texnologiyalar parkının rezidenti statusunu əldə edərək yararlanacağı vergi güzəştləri, maliyyə təşviq alətləri barədə məlumat verib.
Qanun layihələrinin müzakirələrində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, komitənin üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Mahir Abbaszadə, Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Rüfət Quliyev, Aydın Hüseynov çıxış edərək rəy və suallarını səsləndiriblər.
Nazir müavini Fərid Əhmədov, Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Elmin Məmmədov, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Həsənov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, onların suallarını cavablandırıblar.
Müzakirələrin sonunda qanun layihələri səsə qoyularaq birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunublar.
İclasda deputatlar İqbal Məmmədov, Anar Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09