Spiker Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib
Oktyabrın 8-də Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) koordinasiya iclası keçirilib.
İclasa Milli Məclisin və QHPŞ-nin sədri Sahibə Qafarova sədrlik edib.
Gündəliyin qəbul edilməsindən sonra iclasda giriş sözü ilə çıxış edən spiker Sahibə Qafarova bildirib ki, PAİ Assambleyaları ilə paralel keçirilən əlaqələndirmə iclasları kollektiv fəaliyyət və bu platformadan maksimum istifadə etmək baxımından mühümdür. Onun sözlərinə görə, bu iclaslar üzv parlamentlər arasında konstruktiv dialoq üçün imkan yaradır ki, bu da üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı daha da möhkəmləndirir.
Diqqətə çatdırılıb ki, QHPŞ-nin 5-ci konfransı bu ilin aprelində Türkiyənin İstanbul şəhərində, 152-ci PAİ Assambleyası ilə paralel olaraq keçirilib. İndiyədək keçirilən beş konfransın QHPŞ-yə güclü və davamlı marağın təsdiqi olduğu, üzv parlamentarilərin Şəbəkənin işində fəal iştirakının sülh, ədalət və dayanıqlı inkişaf işinə töhfə vermək üçün parlamentlərarası əməkdaşlığın potensialına olan möhkəm inamı nümayiş etdirdiyi bildirilib. Bu baxımdan, QHPŞ-nin bu ümumi məqsədlərə nail olmaq üçün parlament əməkdaşlığının və həmrəyliyinin gücləndirilməsinə dair ümumi baxışı və kollektiv sadiqliyi əks etdirdiyi qeyd olunub.
Arzu Paşaqızı