Sahibə Qafarova Gürcüstan Parlamentinin sədr müavini ilə görüşüb
Sentyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Sahibə Qafarova Azərbaycan ilə Gürcüstan arasında tarixən mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin bu gün qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanaraq uğurla inkişaf etdiyini bildirib.
İki ölkə arasında münasibətlərin formalaşması və inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi rolu qeyd edilib.
Bildirilib ki, Azərbaycan və Gürcüstan liderləri tərəfindən ikitərəfli əlaqələrin strateji əhəmiyyəti daim vurğulanır. Bu baxımdan, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd olunub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Gürcüstana son dövlət səfərinin regional əməkdaşlıq baxımından əhəmiyyətli siyasi mesajlar daşıdığı və Azərbaycan–Gürcüstan dostluq və qardaşlığının regionda əməkdaşlığın daha da gücləndirilməsinə xidmət etdiyi bildirilib.


Arzu Paşaqızı