Milli Məclisin sədri Sahibə Qafarova Tacikistanın Baş naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 25-də ölkəmizdə səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Spiker Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında qarşılıqlı hörmətə, qonşuluq və qarşılıqlı dəstəyə əsaslanan dostluq və etimad münasibətlərinin mühüm təsdiqi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, ümumi milli, mənəvi və mədəni dəyərlərlə sıx bağlı olan xalqlarımızın istəyinə uyğun olaraq ölkələrimiz müstəqillik əldə etdikdən sonra münasibətlərimiz daha da genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Bildirilib ki, 1992-ci ildə diplomatik münasibətlərin yaradılmasından keçən illər ərzində münasibətlərimiz ardıcıl olaraq inkişaf edib və bu prosesdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistana və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfərləri, müntəzəm siyasi dialoq xüsusi rol oynayıb. Qeyd olunub ki, ikitərəfli qarşılıqlı fəaliyyətin geniş müqavilə-hüquq bazasında Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə xüsusi yer tutur.

Arzu Paşaqızı