Hakan Fidan Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15–16-da Azərbaycana rəsmi səfər edəcək. Diplomatiya mənbələrindən əldə edilən məlumata görə, iki günlük səfər çərçivəsində Türkiyə XİN rəhbərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi gözlənilir.

 “turaninsesi.az ” xəbər verir ki, səfər proqramına əsasən, Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə təkbətək və heyətlərarası geniş tərkibdə görüşlər keçirəcək. Danışıqlarda ikitərəfli strateji tərəfdaşlıq əlaqələri ilə yanaşı, Cənubi Qafqazdakı son regional təhlükəsizlik vəziyyəti, Ermənistanla sülh prosesi, eləcə də beynəlxalq platformalarda birgə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunacaq.

Danışıqların gündəliyində iqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsi xüsusi yer tutur. İki ölkə liderləri tərəfindən müəyyən edilmiş 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq istiqamətində görülən işlər nəzərdən keçiriləcək. Qeyd edək ki, Türkiyənin Azərbaycandakı birbaşa investisiyaları 17,9 milyard dolları keçib, Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı sərmayə isə 20,3 milyard dollar təşkil edir.

Diplomatik mənbələr Hakan Fidanın Bakı səfərinin regional nəqliyyat koridorlarının (Zəngəzur dəhlizi daxil olmaqla) reallaşdırılması və strateji enerji layihələrinin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirirlər.

Atzu Paşaqızı