Tələbələrə gecikmə ilə bağlı güzəşt ediləcək? – Rəsmi açıqlama
Yeni tədris ilində nəqliyyat sıxlığı səbəbindən məktəb və universitetlərə gecikən şagird və tələbələr üçün hələlik xüsusi güzəşt nəzərdə tutulmayıb.
“turaninsesi.az ” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, xüsusilə tədris ilinin başlanması ilə şəhərdə nəqliyyat sıxlığının artacağı nəzərə alınaraq valideynlərə övladlarını mümkün qədər evlərinə yaxın məktəblərə göndərmələri tövsiyə olunur.
Onun sözlərinə görə, məktəbə uzaq məsafədən gedən uşaqların yorulmaması və şəhərdaxili sıxlığın azaldılması baxımından bu yanaşma daha məqsədəuyğundur.
Emin Əmrullayev ictimai nəqliyyatdan istifadənin də vacib olduğunu vurğulayıb. Nazir qeyd edib ki, bir şəxsin fərdi avtomobildən istifadə etməsi ilə müqayisədə ictimai nəqliyyat daha çox sərnişinə xidmət göstərir.
Bundan əlavə, məktəblilər üçün nəzərdə tutulan müxtəlif avtobus və nəqliyyat xidmətlərindən istifadənin də sıxlığın azalmasına kömək edə biləcəyi bildirilib.
Nazir təhsil müəssisələrində dərs və iş saatlarının dəyişdirilməsi ilə bağlı müzakirələrin də davam etdiyini açıqlayıb.
O qeyd edib ki, məktəblərdə dərs saatlarının dəyişdirilməsi valideynlərin iş qrafiki ilə birbaşa əlaqəli olduğundan məsələ daha mürəkkəbdir. Ali təhsil müəssisələri ilə bağlı isə vəziyyət mütəmadi olaraq monitorinq edilir və təhlillərin nəticəsinə uyğun qərarlar qəbul olunur.
Emin Əmrullayev bildirib ki, hazırda tələbələrin nəqliyyat səbəbindən dərsə gecikməsinə görə xüsusi güzəşt nəzərdə tutan qərar yoxdur. Yeni qərarlar qəbul ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.
Arzu Paşaqızı