Kiberpolisin əməliyyatı: Daha bir şəxs həbs olundu
Dİn-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “WhatsApp” ani mesajlaşma sistemi və sosial şəbəkələr vasitəsilə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi yolu ilə törədilən kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirir.
“turaninsesi.az ” xəbər verir ki, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elcan Cəfərov saxlanılıb.
O, sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə vizual baxımdan oxşar saxta səhifələr yaradıb. E.Cəfərov bununla kifayətlənməyərək daha çox şəxsi cəlb etmək məqsədi ilə həmin saxta səhifələrin sosial şəbəkələrdə, “WhatsApp” qruplarında reklamını aparıb. Saxta səhifəyə daxil olan vətəndaşlardan kredit rəsmiləşdirilməsi adı ilə bank kartının nömrəsi, son istifadə tarixi, CVV və OTP təhlükəsizlik kodları əldə edilib. Vətəndaşlar həmin məlumatları təqdim etdikdən sonra isə o, bank kartlarındakı vəsaitləri başqa şəxslərə məxsus hesablara köçürərək nağdlaşdırıb.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. E. Cəfərov cinayət məsuliyyətinə cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Arzu Paşaqızı