Sahibə QafarovaPan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Afrika ölkələri arasında dostluq münasibətləri, parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq Milli Məclisin sədri Sahibə Qafarovanın Milli və Regional Parlament Sədrlərinin Konfransının açılış mərasimindəki çıxışını yüksək qiymətləndirərək, çıxışda həmrəylik, dostluq və parlamentlərarası əməkdaşlığa dair səsləndirilən fikirlərin böyük əhəmiyyət daşıdığını bildirib. O, Pan-Afrika İttifaqı-2063 Gündəliyinin həyata keçirilməsində parlamentlərin mühüm rol oynadığını vurğulayıb.
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycanın Afrika ölkələri üçün etibarlı tərəfdaş olduğunu bildirərək, tərəfləri ortaq dəyərlərin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin birləşdirdiyini söyləyib. O, parlament diplomatiyasının xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində və qarşılıqlı maraqların təşviqində mühüm rol oynadığını qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirib.
Arzu Paşaqızı