Sahibə Qafarova Cənubi Afrika Respublikasında Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 31-də Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Midrand şəhərində Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib.
Pan-Afrika Parlamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə Afrika ölkələrinin milli və regional parlamentlərinin sədrləri, beynəlxalq parlament təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Parlamentin spikeri tədbirdə nitq söyləyib. Çıxışında müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalara, davam edən münaqişələrə, iqtisadi bərabərsizliyə və iqlim dəyişikliyinin yaratdığı çağırışlara toxunan Milli Məclisin sədri vurğulayıb ki, beynəlxalq təsisatlara etimadın getdikcə daha böyük təzyiqlərlə üzləşdiyi mövcud şəraitdə parlamentlər qlobal qərarqəbuletmə proseslərindən kənarda qala bilməzlər. Spiker bildirib ki, parlamentlər vətəndaşların səsini ifadə edir, milli reallıqları beynəlxalq müstəviyə daşıyır, siyasi öhdəliklərin qanunvericilikdə, habelə konkret praktiki fəaliyyətlərdə öz əksini tapmasına töhfə verirlər.
Parlamentlərin qlobal çağırışların həllində artan rolunu qeyd edən spiker, müasir dövrdə parlamentlərin yalnız milli qanunvericilik funksiyasını yerinə yetirən institutlar deyil, həm də beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən mühüm aktorlar olduğunu bildirib. Bu gün burada ilk növbədə Azərbaycan parlamentini, eyni zamanda sədri olduğu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsini təmsil etdiyini deyən Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hazırda 70-dən çox ölkənin parlamentini, o cümlədən Afrikanın əksər dövlətlərinin qanunverici orqanlarını bir araya gətirən bu Şəbəkə birgə səylərlə parlamentlərarası əməkdaşlığın inkişafına mühüm töhfə verən nüfuzlu beynəlxalq parlament əməkdaşlığı platformasına çevrilib.
Parlament həmrəyliyinin mücərrəd prinsip deyil, müasir beynəlxalq münasibətlər sistemində praktiki zərurət olduğuna dair qəti inamını ifadə edən parlamentin spikeri, mürəkkəb çağırışlar fonunda çoxtərəfli əməkdaşlığın və parlament diplomatiyasının əhəmiyyətinə toxunub. Bu kontekstdə Pan-Afrika Parlamentinin önəmli roluna diqqəti çəkən Sahibə Qafarova qeyd edib ki, qurum Afrikanın birliyi, inkişafı və qlobal mövqeyinin gücləndirilməsi baxışını parlament müstəvisində ifadə edir. Təşkilat həmçinin “Afrika Gündəliyi – 2063”-da təsbit olunmuş məqsədləri – öz xalqı tərəfindən idarə olunan, beynəlxalq ictimaiyyətdə layiq olduğu rolu həyata keçirən sülhsevər, çiçəklənən və inteqrasiya olunmuş Afrika ideyasının reallaşdırılmasına xidmət edir.


Arzu Paşaqızı