Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

İyulun 7-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.


Komitə sədri Sadiq Qurbanov gündəliyə iki məsələnin daxil edildiyini bildirib.
Öncə “Enerji resurslardan səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim edilib. Bildirilib ki, qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi Enerji Effektivliyi Fondunun vəsaiti hesabına Enerji Effektivliyi İnformasiya Sisteminin tətbiqinin və saxlanılmasının, proqram təminatının əldə edilməsinin, habelə informasiya təminatı və maarifləndirmə tədbirlərinin maliyyələşdirilməsinin təmin edilməsidir. Dəyişikliklər enerji səmərəliliyi sahəsində fəaliyyətlərin davamlı maliyyə mənbəyi ilə dəstəklənməsinə, əhalinin məlumatlılığının artırılmasına, enerjidən səmərəli istifadə vərdişlərinin təşviqinə və enerji qənaəti mədəniyyətinin formalaşdırılmasına xidmət edəcək.

Arzu Paşaqızı