Sahibə Qafarova Vyetnamın Baş prokuroru ilə görüşüb

İyunun 8-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Baş prokuroru Nquyen Tiyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Milli Məclisin sədri bu səfərin Azərbaycan və Vyetnam arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.
Söhbət zamanı iki ölkə arasında dost münasibətlərin təməlinin hələ ötən əsrdə Ulu Öndər Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Ho Şi Min tərəfindən qoyulduğu bildirilib. Vurğulanıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr dinamik inkişaf edib.
Görüşdə ikitərəfli əlaqələrin güclənməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd olunub, Azərbaycan Prezidentinin Vyetnama, Vyetnam Prezidentinin isə Azərbaycana səfərlərinin münasibətlərimizin dinamikasını müəyyən etdiyi diqqətə çatdırılırdı.

Arzu Paşaqızı