“Azərbaycan Prezidenti ilə birlikdə oyunu dəyişdirən bir qərar verdik”
“2022-ci ildə “Avropa Siyasi Birliyi”nin Çexiyanın paytaxtı Praqada keçirilən ilk Zirvə toplantısında Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Şarl Mişelin (artıq vəzifədən gedib) təşəbbüsü ilə Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil edildi. Məhz orada Azərbaycan Prezidenti İlham Əliyev və mən oyunu dəyişdirən bir qərar verdik”.
“turaninsesi.az ”ın xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 4-də “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən 8-ci Zirvə toplantısının plenar iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıblar.
Hökumət başçısı əlavə edib ki, bu razılaşma Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üçün real fürsət yaradıb, gələcək dünyanın memarlığını müəyyənləşdirib və 2025-ci ilin avqustunda Vaşinqton Sülh Zirvə Görüşünə gətirib çıxarıb.
N.Paşinyan xatırladıb ki, həmin vaxt Ağ Evdə ABŞ Prezidenti Donald Trampın dəstəyi və iştirakı ilə Azərbaycan Prezidenti sülh bəyannaməsi imzalayıb.
“Amerika Birləşmiş Ştatlarının Prezidenti də şahid qismində bunu imzaladı. Üç liderin iştirakı ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişi parafladılar. İndi çox vacib bir layihənin – TRIPP-nin həyata keçirilməsinə aparacaq bir yoldayıq. Bu, regional əlaqələrin qarşısını almaqla, Şərqdən Qərbə və Cənubdan Şimala yeni beynəlxalq marşrutlar yaratmaqla sülhü təşviq edəcək və beynəlxalq təchizat zəncirlərinin dayanıqlığına əhəmiyyətli töhfə verəcək”, – deyə Ermənistanın Baş naziri fikirlərini yekunlaşdırıb.
Arzu Paşaqızı