Milli Məclisin sədr müavini Adil Əliyev: “Şuşa-Laçın yolunda keçirilən aksiya niyə önəmlidir?”

0

Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilməsi 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Üçtərəfli Bəyannamənin şərtlərindən biridir. Və bu şərt dərhal yerinə yetirilib. Amma Bəyannamənin digər şərtləri, xüsusilə qanunsuz silahlı birləşmələrin Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılması və nəqliyyat-kommunikasiya xətlərinin, xüsusən də Azərbaycanla Naxçıvan arasında dəhlizin açılması şərtləri hələ də yerinə yetirilməyib. Qanunsuz erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən çıxarılması Rusiya sülhməramlılarının üzərinə düşür. Əgər onlar bu qanunsuz silahlı birləşmələrin onların məsuliyyət zonasından çıxarılmasını təmin edə bilməyiblərsə və ya etmək istəməyiblərsə, deməli öz vəzifələrinin öhdəsindən gələ bilmirlər və beləliklə, Üçtərəfli Bəyannaməni pozmuş olurlar. 

Turanın səsi” xəbər verir ki , bu fikirləri Milli Məclisin Vitse – Spikeri Adil Əliyev deyib .

Bundan əlavə, Qarabağ ərazisinə silahların gətirilməsinə, qanunsuz səfərlərin edilməsinə, o cümlədən bir qrup İran vətəndaşının Azərbaycanın icazəsi olmadan Qarabağa gəlməsinə, yumşaq desək, göz yumublar. Bu məsələlər də bir daha Rusiya sülhməramlılarının fəaliyyəti haqqında ciddi suallar yaradır, ümumiyyətlə, Üçtərəfli Bəyannamənin onlar tərəfindən pozulması hallarını üzə çıxarır. 

Son günlər isə, hamımıza məlum olduğu kimi, Azərbaycanlı ekoloq və mütəxəssislərin qanunsuz istismar edilən qızıl və mis-molibden mədənlərində monitorinq aparmasının qarşısı sülhməramlı qüvvələr tərəfindən alınıb. Onu da xatırlatmaq lazımdır ki, həmin mədənlərin fəaliyyəti üçün işğal dövründə Kəlbəcər yolundan istifadə olunurdu. Kəlbəcər azad edildikdən sonra mədəndə fəaliyyət dayanmışdı. Amma indi mədənlərdə qeyri-qanuni istismar işlərinin aparılması və materialların Ermənistana daşınması üçün Laçın yolundan istifadə edilir. Yəni sülhməramlılar Laçın yolu ilə müvafiq material və avadanlıqların daşınmasına imkan verməklə, əslində bu qeyri-qanuni fəaliyyətə dəstək vermiş olurlar. Bu da Azərbaycan ictimaiyyətinin ciddi etirazına səbəb olub. Nəticədə bir neçə gündür ki, Azərbaycanın ətraf mühitin qorunması üzrə ictimai fəalları, vətəndaş cəmiyyəti və QHT nümayəndələri Şuşa-Laçın yolunda ekoloji tələblərlə etiraz aksiyası keçirirlər. Göründüyü kimi, hələ də Rusiya sülhməramlılarının komandanı onlarla görüşməyib və problemin həlli istiqamətində addım atmayıb. Əksinə, Rusiya sülhməramlılarının Azərbaycanlı ictimai fəalların və QHT nümayəndələrinin dinc aksiyasına mane olmaq cəhdləri, onlarla kobud davranış halları mediada yayılan kadrlardan görünür. 

Beləliklə, Rusiya sülhməramlılarının komandanı Volkov, nəhayət ki, Rusiya Prezidenti Vladimir Putinin də imzaladığı Üçtərəfli Bəyannaməyə uyğun fəaliyyət aparmalı və müvəqqəti yerləşdikləri ərazidə qeyri-qanuni fəaliyyətlərin, ətraf mühitə ziyan vuran işlərin dayandırılmasını,  qeyri-qanuni silahlı dəstələrin neytrallaşdırılmasını və Azərbaycanlı mütəxəssislərin monitorinq aparmasını təmin etməlidir. Əks təqdirdə, bu onların fəaliyyətini sual altında qoyur.

Azərbaycan vətəndaş cəmiyyətinin Şuşa-Laçın yolu ərazisində keçirilən aksiyası böyük rezonans doğurmuşdur və Azərbaycanın yumşaq gücünün effektli olduğunu göstərir. Bu aksiya məsələyə beynəlxalq diqqət çəkmişdir. 

Ermənistanın və bir sıra dairələrin iddialarının əksinə olaraq, aksiya Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid törətmir. Ruben Vardanyan kimi insanların simasında hadisələrin təhrif edilməsi və azərbaycanlılarla ermənilərin sülh şəraitində və dinc yaşayışına xaricdən gəlmiş emissarların mane olduğu, bu aksiyanın gedişində özünü açıq şəkildə göstərdi. Digər tərəfdən, beynəlxalq reaksiyalardan bəzən açıq, bəzən də sətiraltı surətdə Qarabağ mövzusunun Azərbaycan Respublikasının daxili işi hesab olunduğu sezilir. Hesab edirəm ki, bu məqamlar Azərbaycan vətəndaş cəmiyyətinin və QHT-lərinin keçirdiyi dinc aksiyanın təsirli olduğundan xəbər verir və post-münaqişə dövründə Azərbaycanın yumşaq gücünün önəmini göstərir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir