Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci konfransı keçirilib
Türkiyənin İstanbul şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci konfransı keçirilib.
50-yə yaxın ölkədən və beynəlxalq təşkilatdan olan nümayəndə heyətlərindən 130-a yaxın nümayəndənin iştirak etdiyi konfrans “Qoşulmama Hərəkatı regionunda iqlimə davamlı urbanizasiyanın təmin edilməsində parlamentlərin rolu” mövzusuna həsr edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Milli Məclisinin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova konfrans iştirakçılarını salamlayaraq, bu il 1961-ci ilin sentyabrında Belqradda keçirilmiş Birinci Zirvə Konfransında Qoşulmama Hərəkatının yaradılmasının 65-ci ildönümünün qeyd olunduğunu xatırladıb. Onun sözlərinə görə, 65 il keçməsinə baxmayaraq, həmin ilk konfransın dünyada sülhə və təhlükəsizliyə daha effektiv töhfə vermək, xalqlar arasında sülh və əməkdaşlığı təşviq etmək kimi məqsədləri bu gün də aktuallığını itirməyib. Sahibə Qafarova deyib ki, geosiyasi gərginliklər, silahlı münaqişələr, iqtisadi bərabərsizliklər, iqlim dəyişikliyi və digər mürəkkəb qlobal problemlər kimi ciddi çağırışlar bu problemlərlə mübarizə aparmaq üçün birlikdə hərəkət etməyi tələb edir. Bu gün siyasi müzakirələrin əsasən bu məsələlərin həllinə yönəldiyi bir vaxtda, Qoşulmama Hərəkatının əsas prinsipləri və məqsədləri irəliyə doğru addımlamaq üçün əvəzsiz istiqamət göstərir.




Arzu Paşaqızı