“Nazirlər telefonla danışdı – Yaxın Şərqdə vəziyyət kritik həddə çatıb?

Martın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani arasında telefon danışığı aparılıb.

Bu barədə “turaninsesi.az ”a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirlər bölgədə vəziyyətin sürətlə dəyişməsindən ciddi narahatlıqlarını ifadə edərək, gərginliyin daha da artmasının regional sabitlik və təhlükəsizlik üçün arzuolunmaz nəticələr doğura biləcəyini vurğulayıblar.

Söhbət zamanı deeskalasiya tədbirlərinin təxirəsalınmaz xarakter daşıdığı bildirilib, diplomatik kanalların açıq saxlanmasının, dialoq və danışıqlar prosesinin təşviq edilməsinin əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının, mülki əhalinin və infrastrukturun qorunmasının zəruriliyi diqqətə çatdırılıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Arzu Paşaqızı