Kərimli-Mehdiyev əlaqələri – AXC dövründə SSRİ arxivləri bu səbəbdən açılmayıb…

Dekabr ayı Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) həm yaranması, həm də süqutu tarixi kimi xatırlanır. Onun üçün də hər ilin bu ayında SSRİ ətrafında hələ ötən əsrdən etibarən səslənən iddialar, ittihamlar yenidən aktuallaşır.

Bu il də SSRİ dağılan ərəfədə, yəni ötən əsrin 80-cı illərinin sonları, 90-cı illərinin əvvəllərində keçmiş sovet respublikalarında yaranmağa başlayan milli hərəkatların idarə olunması üçün SSRİ DTK-nın xalq cəbhələrini imperiya daxilində mövcud olan respublikalarda yaratdığı barədə iddialar yenidən gündəm olub.

Belə fikirlər var ki, o zaman məqsəd hərəkatları nəzarət altında saxlamaq və SSRİ-nin dağılmasını Moskvaya faydalı şəkildə yönləndirmək, həqiqi müstəqillik hərəkatlarını zəiflətmək, xaos və repressiyalar, bəzi halda hərbi təcavüz üçün bəhanə yaratmaq olub.

1990-cı ilin yanvarında Azərbəycan Xalq Cəbhəsinin timsalında hakimiyyətə “islam fundamentalistlərinin” gəlməsi ehtimalını ortaya atan Moskvanın Bakıya ordu yeritməsi – təcavüz üçün bəhanə olduğu qeyd edilir.

Hər zaman ən müdhiş iddialardan biri bu olub ki, Azərbaycan Xalq Cəbhəsi, əslində, SSRİ DTK tərəfindən idarə olunan bir layihə olub. Çünki DTK-nın oxşar taktikalardan istifadə etdiyi digər respublikalarda da görülmüşdü, lakin Azərbaycanda bu əlaqələr daha dərin və davamlı olmuşdu.

AXC-nin DTK tərəfindən idarə olunmasının ən bariz sübutu AXC-Müsavat hakimiyyəti zamanı iqtidarın DTK arxivlərini açmaqdan imtina etməsidir. Müxtəlif absurd bəhanələr gətirərək bundan imtina edilməsi gizli faktların ört-basdır edilməsi məqsədi daşıyırdı.

Hətta vaxtı ilə Müsavat partiyasında ən yüksək postlarda təmsil olunan, Milli Təhlükəsizlik Nazirliyinin (indiki DTX) keçmiş birinci müavini Sülhəddin Əkbər 2021-ci ildə müsahibələrindən birində bildirib ki, MTN müavini olaraq KQB ilə əməkdaşlıq edən şəxslər barədə məlumat toplayıb, siyahı tərtib edib və birbaşa Prezident Elçibəyə təqdim edib. Bu siyahıda yüksək vəzifədə olan bir neçə şəxsin adı olub. Lakin Elçibəy tədbir görməyib və siyahı “unudulub”.

O zaman mediada gedən xəbərlərdə S.Əkbərin siyahısında İsa Qəmbərin də adının olduğu bildirilirdi.

Ramiz Mehdiyev və Əli Kərimli arasındakı əlaqələrin tam çılpaqlığı ilə üzə çıxması AXC-nin daim Rusiya kəşfiyyat orqanları ilə təmasda olduğunu və onun direktivləri ilə hərəkət etdiyini bir daha təsdiqləyir.

R.Mehdiyev SSRİ dövründən bəri Rusiya əlaqələri ilə tanınan bir fiqur olaraq, Kərimli ilə işbirliyi quraraq AXC-nin Rusiya maraqlarına xidmət etməsində fəal iştirak edib.

Bir faktı da deyək ki, 2005-ci ildə Azərbaycan mediasında AXCP sədri Ə.Kərimli və onun tərəfdarlarının hakimiyyətdə təmsil olunması üçün danışıqlar aparması haqda məlumat getmişdi. Məlumatda deyilirdi ki, Ə.Kərimli öz yaxın ətrafına danışıqlar nəticəsində partiya üzvlərinə veriləcək vəzifələrin artıq müəyyənləşdiyini bildirmişdi. Tərəfdaşlarını əmin etmək üçün Ə.Kərimli PA İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin müxalifətin ayrı-ayrı nümayəndələrinin iqtidarda təmsil olunmasının mümkünlüyü barədə fikirlərini misal gətirmişdi.

O zaman bu məlumatın mətbuata sızmasından sonra Ə.Kərimli nəzarətində olan qəzetlər vasitəsilə bunun iqtidarın partiyaya qarşı kampaniyası, guya sədrlə müavinlər və Rəyasət Heyəti arasında fikir ayrılığı haqda dezinformasiya kimi qələmə vermişdi.

Amma bu gün baş verənlər o separat danışıqların həqiqət olduğunu bir daha sübut edir. Mediada çıxan məlumatlara görə, artıq Əli Kərimlinin işi ilə bağlı ilkin istintaqın nəticələri göstərir ki, həqiqətən də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə AXCP sədri arasında əlaqələr olub. Bunu təkcə aşkar olunmuş faktlar deyil, həm də Əli Kərimlinin yaxın ətrafı, AXCP fəallarının etirafları təsdiq edir – onların bəziləri ifadələrində AXCP sədrinin üzünə belə əlaqələrin mövcudluğunu bildiriblər.

Siyasi analitik Əli Orucov Musavat.com-a bildirib ki, dəhşətli repressiyalara, zorakılığa və bir ovuc şişmiş hakim elitanın iradəsinə söykənmiş, inkişafdan və yeniləmələrdən kənar qalan, “xalqlar həbsxanası” adlandırılan Sovet İmperiyasının çökməsi labüd idi: “Bu qanunauyğun çöküşün qarşını almaq üçün müxtəlif cəhdlər edilsə də, ən sərt və qəddar addımlar atılsa da, nəticəsiz qaldı. Əksinə SSRİ-nin süqutunu bu tədbirlər daha da sürətləndirdi. Həmin dönəmlər başlanan kortəbii kütləvi etirazları, hiddəti, qəzəbi və narazılıqları idarə etmək üçün keçmiş müttəfiq respublikalarda təşkilatlanmalar baş verdi. İlk belə mütəşəkkillik Baltikyanı respublikalarda formalaşdırıldı, xalq cəbhələri yaradıldı. Ardınca digər müttəfiq respublikalarda , o cümlədən Azərbaycanda da analoji təşkilatlar təsis edildi. Mən bütövlükdə yaradılmış xalq cəbhələrin o vaxtkı SSRİ DTK-ya birbaşa bağlanılmasını təqdir etmirəm. Ölkədə geniş vüsət alan etiraz dalğalarının qarşısını almaq və xalqın səsini boğmaq onsuzda mümkün deyildi. Lakin bu prosesləri xalqın və millətin mənafelərinə yönləndirmək, ali ideyaların gerçəkləşdirilməsinə istiqamətləndirmək mümkün idi. Elə də oldu, Meydan hərəkatı Milli Azadlıq Hərəkatına çevrildi və ağır itkilər hesabına da olsa Azərbaycan müstəqilliyinə təkrar qovuşdu. Həmin tarixi nailiyyətin əldə olunmasında Azərbaycan Xalq Cəbhəsi müstəsna rol oynadı. Bu gerçəkliyi danmaq və ona kölgə salmaq olmaz. Bəli, ola bilər ki, AXC-yə DTX öz adamlarını yerləşdirmiş və onların əli ilə həm təşkilatı, həm də cərəyan edən hadisələri nəzarət altında saxlamaq halları olsun. Ancaq bunu bütünlükdə DTX-nın layihəsi kimi təqdim edilməsini doğru saymıram. Cəmiyyətdə yayılmış fərziyyə və şayiələri aradan qaldırmaq, ən əsası yenidən müstəqilliyinə qovuşan gənc bir dövləti təhdid edən Moskvanın və yerli xüsusi xidmət orqanlarının agent və adamlarından xilas etmək üçün hakimiyyətə gələn AXC-Müsavatdan DTK arxivlərinin açılması tələb olunsa da buna imkan verilmədi. İlk qarşı çıxanlardan biri elə sabiq prezident Əbülfəz Elçibəy oldu. Bununla da şübhələrə ehtimallara və şayələrə daha geniş meydan verilməklə yanaşı, “verbovka” olunmuş vəzifəli şəxslərin ifşası , onların zamanında zərərsizləşdirilməsinin qabağı alındı”.

Ə.Orucov çox vacib bir məqama da xüsusilə, toxundu: “Çox vaxt ya bilərəkdən, ya bilməyərəkdən AXC ilə AXCP-ni eyniləşdirirlər. Nəzərə almaq lazımdır ki, AXC xalqın iradəsi və sosial, tarixi zərurətdən yaranan bir təşkilat idi. Öz missiyasını da başa vurandan, Azərbaycan təkrar müstəqilliyinə və suverenliyinə qovuşandan sonra buraxılmalı idi. Çağdaş tariximizdə özünün mötəbər yerini saxlamalı idi. Necə ki Əbülfəz Elçibəyi öz maraqlarını təmin etmək üçün məcburi prezident edib onu ümummili ideoloji lider məqamından uzaqlaşdırdılar, sonra da öz bacarıqsızlıqları və yarıtmazlıqları ilə ölkəni böhrana sürükləyib bu böyük şəxsiyyəti xərclədilər, eləcə də AXC-ni məhv etdilər. Sonradan partiyaya çevirib ictimai hərəkat mahiyyətindən siyasi mahiyyətə gətirdilər və hakimiyyət uğrunda mübarizə alətinə çevirdilər. Bunu da kimlərin etdiyi hər kəsə məlumdur. Rus imperiyasına qarşı ölüm dirim savaşı verən hərəkatdan çıxan AXC heç vaxt Moskvaya işləyə bilməzdi. Rusiya ilə hər hansı bağlantıları ola bilməzdi. Doğrudur, orda rəhbərlikdə təmsil olunanlar arasında da Rusiyaya bağlı və onun sifarişlərini icra edənlər olub. Ancaq Əli Kərimlinin rəhbərlik etdiyi AXCP adı hallandırılan AXC olmayıb. Xüsusən də, Ə.Elçibəy vəfat edəndən sonra AXCP tam bir marginal qrup və bir şəxsin iradəsi halına salındı. İndi də R.Mehdiyevlə ciddi bağlantıları haqqında danışılır. İstintaqın gedişi hələ bir çox qaranlıqlara tam aydınlıq gətirəcək, çoxlarının simaları yırtılıb üzə çıxacaq”.

Musavat.com