Büdcə layihəsi zəfərdən rifaha uzanan inkişaf strategiyasının maliyyə təminatıdır-Sahil Babayev
Müstəqillik tariximizin ən böyük büdcə zərfi olan 2026-cı ilin büdcə layihəsinin müzakirəsi müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Zəfərimizin beşinci ildönümünə təsadüf edir.
“turaninsesi.az” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
“Bu qələbə məhz Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, dövlət və ordu quruculuğunda həyata keçirilən ardıcıl islahatlar, eləcə də iqtisadi və maliyyə imkanlarımızın səmərəli səfərbər olunması nəticəsində əldə edilib. Bu gün təqdim edilən büdcə layihəsi də məhz zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır”, – deyə o qeyd edib.
Nazir həmçinin əlavə edib ki, gələn ilin büdcə layihəsi tarixi Zəfərə gətirib çıxarmış yolun davamı kimi təqdim olunur: “Uzunmüddətli makroiqtisadi dayanıqlılığın təməl şərtləri olan strateji valyuta ehtiyatlarının 82,5 milyard ABŞ dollarına çatması və xarici dövlət borcunun ÜDM-in cəmi 6 %-nə bərabər olması iqtisadi siyasətin səmərəliliyinin və islahatların nəticələrinin daha bir göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, həyata keçirilən çoxşaxəli islahatlarl beynəlxalq reytinq agentlikləri də nəzərə alır və “Fitch” agentliyindən sonra “Moody`s” də Azərbaycanın suveren kredit reytinqini investisiya dərəcəsinə qaldırıb”.
Maliyyə naziri onu da deyib ki, dövlətin getdikcə artan imkanları sosial təminatın gücləndirilməsinə, sosial rifah dövləti mövqeyinin möhkəmləndirilməsinə şərait yaradıb: “Dövlət başçısının təşəbbüsləri nəticəsində, 2025-ci ildə 5-ci sosial islahat paketi reallaşdırıldı, minimum əmək haqları, minimum pensiya, müavinət və təqaüdlərin məbləğləri artırıldı. Bütün bu islahatlar cənab Prezidentin əhalinin, xüsusilə sosial həssas qrupdan olan vətəndaşlarımızın rifahının daha da yaxşılaşmasına göstərdiyi diqqətin növbəti təzahürüdür”.
Arzu Paşaqızı