Müdafiə naziri bu əraziyə yollandı – Döyüş hazırlığı yoxlanıldı

Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında görülən işlərlə tanış olub.

Bu barədə “turaninsesi.az “a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova hərbi polisin fəaliyyəti, ön əməliyyat bazası və qoşun xidmətinin təşkili barədə məruzə edib.

Bildirilib ki, ƏİK bazasında həyata keçirilən tədbirlər NATO-nun müvafiq standartlarına uyğunlaşdırılıb. Bu fəaliyyətlər sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyət qabiliyyətinin təmin edilməsinə yönəlib.

Rəhbər heyət bölmənin ərazisində yaradılan şəraitlə tanış olub. Yataqxanaya, idman və atəş şəhərciklərinə, mühəndis, kəşfiyyat və sürücülük hazırlıqları üzrə təlim mərkəzlərinə, eləcə də hərbi texnikaya baxış keçirilib.

Daha sonra nazirliyin rəhbər heyəti cari ilin oktyabr ayında keçirilməsi planlaşdırılan NATO-nun ƏİK Qiymətləndirmə və Rəy proqramı çərçivəsində birinci səviyyəli Özünü Qiymətləndirmə Təliminə hazırlıq üzrə döyüş hazırlığı prosesini izləyib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuların döyüş hazırlığının, maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub və bölmənin ərazisində xatirə ağacları əkilib.

Arzu Paşaqızı