Nazirliklərə nəzarət artırıldı – YENİ QAYDALAR
Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanlarının (nazirliklərin, dövlət xidmətləri və agentliklər) fəaliyyət qaydaları yenilənib.
Prezident İlham Əliyevin 17 noyabr 2025-ci il tarixli Fərmanı ilə təsdiqlənən yeni Nümunəvi Əsasnamə hökumətdə idarəetmə mexanizmini əhəmiyyətli dərəcədə dəyişdirir.
Yeni sənəd əvvəlki əsasnamə ilə müqayisədə həm struktur, həm maliyyə, həm də kadr siyasəti sahəsində rəhbərlərin səlahiyyətlərini xeyli genişləndirir və onlara əlavə öhdəliklər gətirir.
Sənədin ən diqqətçəkən tərəfi odur ki, nazirliklər artıq təkcə siyasəti hazırlayan qurum kimi deyil, bu siyasətin icrasına nəzarət edən və əlaqələndirmə aparan əsas icraçı mexanizm kimi müəyyənləşdirilir. Əvvəllər ümumi formada göstərilən “dövlət siyasəti və tənzimləmə” funksiyası indi “dövlət nəzarəti”, “dövlət tənzimləməsi” və “əlaqələndirmə” kimi ayrıca fəaliyyət istiqamətləri halına salınıb.
Yeni əsasnamə rəhbərlərin məsuliyyət dairəsini də genişləndirir. Nazirliklər daxilində korrupsiya risklərinin müəyyən edilməsi və onların idarə olunması artıq birbaşa rəhbərin öhdəliyidir. Bunun üçün qurum daxilində xüsusi bölmə və ya məsul şəxs təyin olunmalıdır. Bundan başqa, dövlət-özəl tərəfdaşlığı, səfərbərlik hazırlığı, elmi tədqiqatların təşkili və beynəlxalq layihələrdə iştirak kimi sahələr də rəhbərin fəaliyyət dairəsinə daxil edilib.
Diqqət çəkən yeniliklərdən biri də rəqəmsal idarəetmə tələbləridir. Nazirliklər rəsmi internet informasiya ehtiyatlarını yaratmalı, açıqlanmalı olan ictimai məlumatları daim yeniləməli, kargüzarlıq və sənəd dövriyyəsini rəqəmsal şəkildə təşkil etməlidirlər. Həmçinin hər bir nazirliyin yanında İctimai Şura yaradılması məcburi xarakter alır.
Yeni sənəd rəhbərlərə daha böyük idarəetmə sərbəstliyi verir. Nazirlik daxilində struktur bölmələrin yaradılması və ləğvi, ştat cədvəlinin təsdiqi, büdcə vəsaitinin bölüşdürülməsi, tabeli qurumların fəaliyyətinə nəzarət və işçilərə maddi təşviqlərin verilməsi kimi məsələlər rəhbərin səlahiyyətinə çevrilir. Eyni zamanda işçilərə xüsusi və diplomatik rütbələrin, ixtisas dərəcələrinin verilməsi qaydası da daha aydın şəkildə tənzimlənib.
Nazirliyin Kollegiya institutunun səlahiyyətləri də artırılıb. Artıq kollegiya bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən birgə normativ aktlar qəbul edə bilər. Kollegiya tərəfindən qəbul olunan qərarların dairəsi əvvəlki sənədlə müqayisədə daha genişdir.
Apellyasiya Şuralarının fəaliyyəti də yenilənib. Sahibkarların müraciətlərindən başqa, dövlət qulluğuna qəbul müsahibələrinin nəticələri ilə bağlı şikayətlər də bu şuralarda araşdırılacaq. Şuranın tərkibini isə birbaşa nazir təsdiq edir.
Beləliklə, yeni əsasnamə hökumətin idarəetmə sistemində həm nəzarət, həm də çeviklik imkanlarını artırır. Nazirliklərə verilən yeni səlahiyyətlər onları daha məsuliyyətli, daha şəffaf və daha funksional qurumlara çevirməyi hədəfləyir. Bu dəyişikliklər dövlət idarəçiliyində növbəti mərhələnin başlandığını göstərir.
Arzu Paşaqızı