Sahibə QafarovaTürkiyə Respublikasının milli bayramı münasibəti ilə keçirilən tədbirdə çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə çıxış edib.
Spiker Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb və tədbir iştirakçılarını və bütün Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə ürəkdən təbrik edib.
Milli Məclisin Sədri çıxışında müasir Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürk dərin ehtiramla xatırlayaraq qeyd edib ki, Böyük Atatürkün respublika quruluşu, dünyəvi dövlətçilik və demokratik dəyərlər haqqında ideyaları qardaş Türkiyə Respublikasının davamlı inkişafının təməlində dayanır.
Sahibə Qafarova vurğulayıb ki, müasir dövrün böyük siyasi və dövlət xadimi, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Bu gün qardaş ölkəmiz yeni beynəlxalq münasibətlər sisteminin cizgilərini müəyyən edən dövlətlər arasında aparıcı yer tutur. Türkiyə müstəqil və çoxvektorlu xarici siyasəti ilə məsuliyyət, prinsipiallıq və uzaqgörənlik nümunəsi göstərir.


Arzu Paşaqızı