Milli Məclisin iclasında
Oktyabrın 24-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
İclası açan spiker, Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətinin oktyabrın 19-dan 21-dək İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri barədə məlumat verib. Qeyd edilib ki, səfərin məqsədi Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında iştirak etmək olub.
Spiker diqqətə çatdırıb ki, oktyabrın 20-də Assambleyada “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda müzakirələr aparılıb. O deyib ki, çıxışı zamanı tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunu öz təcrübəsində yaşayıb.
İştirakçılara Ermənistanın silahlı təcavüzünün faciəli nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, dövlətimiz ərazi bütövlüyünü bərpa etdikdən sonra geniş miqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirir. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi başlayıb. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin güclü siyasi iradəsinin və humanitar fəaliyyətə sadiqliyinin sübutudur.
Bildirilib ki, vaxtı ilə humanitar yardım alan Azərbaycan bu gün donor ölkə kimi qismində çıxış edir, BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir. COVID-19 pandemiyası zamanı Azərbaycan 80-dən çox ölkəyə yardım göstərib. Son beş ildə 140-dan çox ölkəyə 350 milyon ABŞ dollarından çox humanitar, maliyyə və texniki yardım çatdırılıb.
Spiker Sahibə Qafarova deyib ki, Assambleya çərçivəsində keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri də iştirak və çıxış ediblər.
Diqqətə çatdırılıb ki, Assambleya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı ilə Milli Məclis arasında təşkilatın 20-ci sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Milli Məclisin sədri çıxışında deyib ki, hazırda Milli Məclisin sədrlik etdiyi üç parlament təşkilatından biri də Asiya Parlament Assambleyasıdır. Digər iki təşkilat isə, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır.
Deputatların diqqətinə çatdırılıb ki, Cenevrədə Azərbaycan parlamentinin spikerinin sədrliyi ilə Asiya Parlament Assambleyasının Koordinasiya görüşü keçirilib.



Arzu Paşaqızı