Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Oktyabrın 23-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin videokonfrans formatında iclası keçirilib.

İclası açan komitə sədri Sadiq Qurbanov gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.
Əvvəlcə komitə sədri gündəliyin birinci məsələsi – “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib.
Qeyd olunub ki, birinci oxunuşda müzakirə edilən qanun layihəsi enerji səmərəliliyinin artırılması, enerji resurslarından qənaətli istifadə məqsədi daşıyır. Bu məqsədlə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi, enerji audit sisteminin təkmilləşdirilməsi əsas prioritetlər sırasındadır. Layihəyə əsasən, Enerji Effektivliyi İnformasiya Sistemi adlanan elektron platformanın yaradılması planlaşdırılır. Həmin sistem vasitəsilə enerji audit üzrə müraciətlərin qəbulu, müvafiq reyestrlərin aparılması, məlumatların toplanması və ictimaiyyət üçün faydalı məlumatların paylaşılması təmin ediləcək.

Arzu Paşaqızı