Milli Məclisin plenar iclasında

Oktyabrın 17-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
“turaninsesi.az” xəbər verir ki, iclası açan spiker deyib ki, iclasımız tarixi bir günün ildönümü ərəfəsində keçirilir. 34 il öncə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyimizin bərpasını elan edib. Bir əsr ərzində ikinci dəfə xalqımız müstəqil dövlətini qurmaq imkanına nail olub.
O vurğulayıb ki, amma müstəqilliyi əldə etmək az idi, onu qoruyub saxlamaq da lazım idi. Təəssüf ki, yeni yaranmış dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilib.
Ermənistanın silahlı təcavüzü, torpaqlarımızın işğalı, yüz minlərcə soydaşımızın yurdlarını tərk etməsi ciddi problemlər yaratmışdı. İqtisadiyyat dağılır, anarxiya və özbaşınalıq genişlənirdi. Biz hamımız bu hadisələrin şahidi olmuşuq. Daxili mübarizəyə başı qarışan səriştəsiz iqtidar dövlətçiliyimizi müdafiə etməyə qadir deyildi. Ölkəmiz vətəndaş müharibəsinin astanasında idi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi real şəkil almışdı.
Məhz bu ağır vəziyyətdə xalqımız yenidən öz müdrik liderinə üz tutdu. 1993-cü ilin iyun ayında dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması tariximizin dönüş nöqtəsi oldu.
Heydər Əliyev təkcə ölkəni fəlakətdən xilas etmədi, həm də onu yenidən qurdu. Ümummilli Liderimizin həyata keçirdiyi milli qurtuluş missiyası nəticəsində Azərbaycan böyük təhlükələri aradan qaldırdı və davamlı inkişaf yoluna qədəm qoydu. Müasir dövlətçiliyin, iqtisadiyyatın, hüquq sisteminin, ordunun möhkəm təməlləri yaradıldı.
Ulu Öndər insanların öz gələcəyinə, dövlətinə və xalqına inamını qaytardı.
Məhz Heydər Əliyevin fəaliyyəti sayəsində müstəqillik ideyası real məzmun kəsb etdi və dayanıqlı dövlətçilik sisteminə çevrildi. Milli suverenliyin möhkəm siyasi-hüquqi əsasları formalaşdırıldı. Ulu Öndər sübut etdi ki, güclü dövlət, səmərəli qanunlar və vətəndaş məsuliyyəti olmadan həqiqi müstəqillik mümkün deyil. Bu baxımdan 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan olunması da Heydər Əliyev ideyalarının və əməllərinin təntənəsini ifadə edir.




Arzu Paşaqızı