Milli Məclisin iclasında

Oktyabrın 10-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.


İclası açan spiker diqqətə çatdırıb ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti oktyabrın 1-dən 3-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində işgüzar səfərdə olub. Səfərdə məqsəd “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində iştirak etmək idi.


Spiker deyib ki, o, oktyabrın 1-də Sammitin açılış mərasimində etdiyi çıxışda beynəlxalq münasibətlər sistemində Azərbaycanın müdafiə etdiyi prinsiplər haqqında danışıb, ölkəmizin qlobal çoxtərəfli əməkdaşlığa verdiyi töhfələri nəzərə çatdırıb.


Qeyd edib ki, Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, humanitar yardım fəaliyyətləri onun bu istiqamətdə kollektiv səylərə sadiqliyini əks etdirdi.


Spiker çıxışında Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti haqqında da məlumat verib.


Oktyabrın 2-də keçirilən Sammitdə “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda müzakirələrdə çıxış etdiyini deyən Milli Məclisin sədri fəlakətlərə və iqlim təsirlərinə qarşı zəruri cavab tədbirlərinin görülməsində parlamentlərin rolu haqqında fikirlərini bölüşüb, Milli Məclisin bu sahədə çoxsaylı qanunlar qəbul etdiyini bildirib.


Səfərdəki çıxışda spiker ötən ilin noyabrında möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın COP29-a uğurla ev sahibliyi etdiyini xatırladıb, tədbirin mühüm nəticələri barədə məlumat verib. O, həmçinin nəzərə çatdırıb ki, Parlamentlərarası İttifaqla birlikdə Milli Məclis COP29 çərçivəsində keçirilən Parlament iclasına da ev sahibliyi edib.

Arzu Paşaqızı