İstefa verən deputatdan ilk açıqlama: “Layiq olmalıyıq”

“Biz artıq 5 ildən biraz çoxdur ki, VI, VII çağırış Milli Məclisdə birlikdəyik. Mənim üçün böyük qürurdur ki,  bu şərəfli məclisdə sizinlə birlikdə fəaliyyət göstərmişəm. Cənab Prezidentin və Sahibə xanım, sizin böyük etimadınız sayəsində TÜRKPA-ya Baş katib kimi təqdim olunmuşam”.

turaninsesi.az” xəbər verir ki, bunu deputat mandatından imtina edən Ramil Həsən Milli Məclisin oktyabrın 10-da keçirilən iclasında deyib.

O, yeni vəzifəyə seçilməsi ilə əlaqədar vəzifəsini tərk edəcəyini bildirib: 

“Fürsətdən istifadə edərək 12 iyunda namizədliyimin verilməsi və dəstəklənməyim üçün göstərmiş olduğunuz hərtərəfli köməyə görə təşəkkür edirəm. VI çağırışa başladığımızda zəfər qazanmamış parlamentin deputatıydıq. Mən qürur hissi keçirirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Ordumuzun qəhrəman mücadiləsi sayəsində artıq qalib gəlmiş parlamentin millət vəkili kimi bizim sıralarımızı tərk edəcəm. Harada işləməyimizdən asılı olmadan ölkəmizə, millətimizə və ölkə rəhbərinə layiq olmalıyıq”.

R.Həsən daha sonra bildirib:

“Mənim üçün böyük şərəf hissidir ki, türk dünyasının ayrılmaz hissəsi olan TÜRKPA-nın baş katibi kimi fəaliyyətimi davam etdirəcəm.

Hörmətli Sahibə xanım, fürsətdən istifadə edib, sizin rəhbərliyiniz altında 5 il fəaliyyət göstərdiyim üçün məmnunluq duyduğumu və qürur hissi keçirdiyimi hər kəsin önündə paylaşmaq istəyirəm.

5 il ərzində Azərbaycan Milli Məclisi bilavasitə sizin rəhbərliyiiz və dəyərli millət vəkillərimizin aktiv iştirakı ilə yeni mərhələyə qədəm qoydu. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi reform və islahatlar siyasətinin parlament tərəfini uğurlu şəkildə davam etdirib, inkişaf etdirmək sizin rəhbərliyiniz altında VI və VII çağırış Milli Məclisin deputatlarının töhfəsidir.

Hər birimizə uğurlar arzu etmək istəyirəm. TÜRKPA Azərbaycanın əsas qurucusu olduğu, bilavasitə ev sahibliyi etdiyi beynəlxalq təşkilat kimi fəaliyyət göstərir. Buradan millət vəkili kimi getsəm də, sizin rəhbərliyiniz altında sizlərlə bizlərlə fəaliyyətimizi davam etdirəcəyik”.

Milli Məclisin sədri Sahibə Qafarova ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib. 

Bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub.

Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub.

Arzu Paşaqızı