Milli Məclisin iclasında

İyulun 4-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
“turaninsesi.az” xəbər verir ki, iclası açan spiker Sahibə Qafarova bildirib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti iyunun 30-da və iyulun 1-də Özbəkistan Respublikasında işgüzar səfərdə olub. Səfərdə məqsəd Birinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək idi. Səfərdə 28 deputatımız, o cümlədən Milli Məclisin sədr müavini, 7 komitə sədri, 6 komitə sədrinin müavini və müxtəlif komitələrin 13 üzvü iştirak edib. Deputatlardan 9 nəfəri qadınlar idi.
Spiker qeyd edib ki, bu tədbir Milli Məclisin hər hansı digər ölkənin qanunvericilik orqanı ilə keçirdiyi ilk forum idi. Bu gün toplantının yekunlarını da nəzərə alaraq inamla söyləmək olar ki, forum parlamentlərimiz arasında əməkdaşlığın səmərəli bir mexanizminə çevriləcək.
Spiker diqqətə çatdırıb ki, iyulun 1-də Xivə şəhərində işə başlayan forumda “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” mövzusunda müzakirələr aparılıb. Hər iki ölkənin parlament sədrləri çıxış ediblər.
Spiker Sahibə Qafarova deyib ki, o, forumdakı çıxışında dost və qardaş ölkələr olan Azərbaycanla Özbəkistan arasında münasibətlərin dərinləşməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkələrimizin hər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etdiyini vurğulayıb.
2024-cü ildə Azərbaycanla Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandıqdan sonra ölkələrimizin ikitərəfli münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini bildirib.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI