Milli Məclisin iclasında

İyunun 13-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
İclası açan Milli Məclisin sədri bildirib ki, bizim iclasımız Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin ildönümü ərəfəsində keçirilir. İki gündən sonra xalqımız Qurtuluş bayramını qeyd edəcək.
Spiker bildirib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtması Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bildi.
Ümummilli Liderimizin məharətlə və əzmlə xilaskarlıq missiyasını həyata keçirməsi, hüquqi, demokratik və dünyəvi dövlətin möhkəm təməlini yaratması Azərbaycanın tarixinə milli qurtuluş və quruculuq dövrü kimi əbədi həkk olunub.
Spiker vurğulayıb ki, Ulu Öndərin başladığı tarixi missiya bu gün eyni əzm və iradə ilə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizi keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəltmişdir. Azərbaycan dinamik iqtisadi artıma nail olmuş, nəhəng infrastruktur layihələri həyata keçirib, ordunu möhkəmləndirib.
Bu gün Azərbaycan Respublikası dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli bir dövlətdir. Əminliklə söyləmək olar ki, Heydər Əliyev zəkasından güc almış Azərbaycan dövləti möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı dövrdə yeni böyük uğurlara imza atacaqdır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI