“Nəcməddin Sadıkovun göstərişi ilə 800 min manat verilib”

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
:”turaninsesi.az” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vüsal Əlizadənin vəkili vəsatətlə çıxış edib.
Vəkil müvəkkilinin dəymiş ziyanın 50 faizini ödədiyi halda ona 62-ci maddədə nəzərdə tutulan həddən aşağı cəza verilməsi üçün vəsatət təqdim edib.
Məhkəmə vəsatətin təmin edilməməsi barədə qərar qəbul edib.
Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə apellyasiya şikayətini müdafiə edib.
O, çıxışında bildirib ki, mediada dərc olunan məlumatlara görə, cəmiyyətdə elə təəssürat yaranıb ki, bütün məbləği 4 nəfər mənimsəyib:
“Mediada ümumi məbləğ 143 milyon göstərilir. Hamı da elə bilir ki, bütün məbləğ bu 4 şəxsə aiddir. Lakin bu, belə deyil. Bununla yanaşı, istintaq dövründə satınalma epizodu üzrə Nizami Məmmədov ifadə verib. Bu epizod üzrə təqsirli bilindiyimizi sonda bildik. Həmçinin istintaq zamanı ifadə verən şəxslər məhkəmədə ifadələrini təkzib etdi. Halbuki onlar ifadələrində pulları Nizami Məmmədova verdiklərini demişdilər.
Məlikməmməd Qurbanov müqavilələr əsasında “Azərsun”dan 20 milyon aldığını və həmin puldan 400.000 manat götürdüyünü, qalan pulu da Nəcməddin Sadıkova verdiyini bildirib. Həmçinin Nəcməddin Sadıkovun göstərişi əsasında həmin puldan 800.000 manatı Nizami Məmmədova hissə-hissə verdiyini bildirib. Ümumiyyətlə, nə satınalmanın, nə də maliyyə xidmətinin Baş Qərargah rəisinə aidiyyəti var.
Daha sonra təqsirləndirilən Nizami Məmmədov məhkəməyə müraciət edib.
O, bildirib ki, Fikrət Mirzəyevlə bağlı epizodların ona aidiyyəti yoxdur:
“Mənim Fikrət Mirzəyevlə əlaqəm olmayıb. Onun bölməsinin daxilində ayrı-ayrı komissiyalar da var. Onlar layihələr, müqavilələr hazırlayır və Müdafiə Nazirliyinə təqdim edir. ”.
Nizami Məmmədov bildirib: “İstintaq zamanı da səmimi etiraf etmişəm. İndi də deyirəm. Mən 12.200.000 manat götürmüşəm və bunu da ödəmişəm. Qalan epizodların mənə aidiyyəti yoxdur. Hərbi hissədə çalışan maliyyə xidmət rəisləri inspeksiyaya pul verib. Həmin pullar da mənə yazılıb. O pulları birtəhər tapıb ödəmişəm.
Məhkəmənin növbəti iclası mayın 26-da keçiriləcək.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI