Ədliyyə Nazirliyində CPT-nin nümayəndə heyəti ilə görüş

Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) vitse-prezidenti xanım Therese Rytter və Komitənin digər təmsilçiləri ilə görüşüb.

Bu barədə “Turanın səsi” nə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Avropa Şurası və onun ixtisaslaşmış qurumları, o cümlədən CPT ilə səmərəli əməkdaşlığı qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda gedən hərtərəfli islahatlar çərçivəsində ədliyyə orqanlarının inkişafı, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, məhkum və təqsirləndirilən şəxslərin hüquqlarının qorunması, bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi, infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirləri vurğulayıb.

Ötən dövrdə paytaxtda və bölgələrdə müasir penitensiar komplekslərin inşa olunduğu bildirilərək cari ildə cəmiyyətin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün Bakıda beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin istifadəyə verildiyi, məhkumların hüquqlarının təminatına xüsusi önəm verən dövlət başçısının həmin müəssisələrə şəxsən baş çəkərək şəraitlə yerində tanış olduğu, habelə geniş ictimai təqdimatların keçirildiyi vurğulanıb.

Həmçinin məhkumların cəmiyyətə reinteqrasiyası ilə bağlı tədbirlərə toxunularaq bununla bağlı hazırlanmış əyani vəsait qonaqlara təqdim olunub.

Görüşdə Azərbaycan və CPT arasında əməkdaşlığın 20 illiyinə təsadüf edən səfərdən məmnunluq ifadə olunub. Ölkəmizlə əməkdaşlığın inkişafını qeyd edən qonaq Komitənin tövsiyələri nəzərə alınmaqla penitensiar sistemin təkmilləşdirilməsi üzrə görülən işləri təqdir edib, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirib.

Səmimi və işgüzar şəraitdə keçən müzakirələrdə bəzi məsələlərə aydınlıq gətirilərək faydalı fikir mübadiləsi aparılıb. 

Söhbət zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində doğma torpaqlarımızın işğaldan azad olunaraq sürətli bərpa-quruculuq işlərinin aparılmasından bəhs edilib. Bildirilib ki, ərazilərimiz işğal dövründə, hətta müharibədən sonra Ermənistan tərəfindən büsbütün dağıdılaraq minalanıb və bu da bərpa işlərinə çox ciddi maneə yaradır, vətəndaşlarımızın öz dədə-baba yurdlarına qayıdışını əngəlləyir. 

Bu günədək 276 nəfərin minaya düşərək ciddi xəsarət aldığı, o cümlədən əksəriyyəti mülki vətəndaş olmaqla 46 nəfərin həlak olduğu xüsusi vurğulanıb.

Bununla bağlı hazırlanmış xüsusi broşür qonaqlara təqdim olunaraq bildirilib ki, bu sahədə beynəlxalq təşkilatların köməyi insanların həyat və sağlamlığının qorunmasına, keçmiş məcburi köçkünlərimizin öz doğma torpaqlarına daha tez qayıdışına əlavə rəvac olar.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir