741 min ailəyə mənzil dəstəyi – WUF13 panelində Kanada təcrübəsi

2017-ci ildə başladılan Milli Mənzil Strategiyası vasitəsilə Kanada mənzil sahəsində nəticələrin yaxşılaşdırılması üçün 115 milyard dollardan çox vəsait ayırıb.

turaninsesi.az ” xəbər verir ki, bunu mənzil, infrastruktur və icmalar nazirinin müavininin baş müşaviri Janet Qouldinq WUF13 çərçivəsində keçirilən “Ətraf mühit cəhətindən davamlı və dözümlü məskunlaşma” adlı panel müzakirəsində deyib.

O bildirib ki, bu strategiya insan hüquqlarına əsaslanan yanaşma üzərində qurulub və adekvat mənzilə çıxışın əmək bazarında iştirakın təməli olduğu, həmçinin təhsil və səhiyyə nəticələrində mühüm rol oynadığı qəbul edilir: “Nəticələr artıq göz önündədir. 741 mindən çox ailənin mənzil ehtiyacı azaldılıb və ya tam aradan qaldırılıb. 195 mindən çox yeni mənzil vahidi yaradılıb. 328 mindən çox ev təmir olunub və 359 mindən çox ictimai mənzil vahidi qorunub saxlanılıb”. 

O, Kanadanın “Built Canada Homes” adlı yeni federal qurum yaratdığını əlavə edib və bu qurumun geniş miqyasda mənzil təminatını sürətləndirmək məqsədi daşıdığını bildirib: “Onun fəaliyyəti üç əsas istiqamətə fokuslanır. Uzunmüddətli ictimai fayda üçün kifayət qədər istifadə olunmayan dövlət torpaqlarını mənzil tikintisi üçün açmaq, layihənin ilkin planlaşdırılmasından uzunmüddətli əlçatanlığa qədər bütün dövrü əhatə edən çevik maliyyə təmin etmək, mənzillərin daha sürətli və daha səmərəli tikilməsi üçün müasir tikinti metodlarının tətbiqini sürətləndirmək”.

Arzu Paşaqızı