Vəfat edən generalın DOSYESİ

Xəbər verdiyimiz kimi, bu gün Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib.

turaninsesi.az ” mərhum generalla bağlı maraqlı mühüm təqdim edir.

Abbasəli Novruzov 1937-ci ildə Ermənistan SSR Dərələyəz mahalının Zeytə kəndində anadan olub. Atası Cəfərov Ramazan Novruz oğlu 1945-ci ildə müharibədən qayıtdıqdan 15 gün sonra vəfat edib. 8 yaşlı Abbasəli bacıları Binyaz, Gülnaz və qardaşı anası Leyla xanımın himayəsində qalıb. 1949-cu ildə tarixi yurdlarından deportasiya olunaraq Sabirabad rayonunun Şıx Salahlı kəndinə köçürülüblər. 

Çağırışçı kimi Sərhəd Qoşunlarına düşüb. Əvvəlcə SSRİ DTK Sərhəd məktəbinin hüquq bölməsini, sonra isə Dövlət Təhlükəsizlik Akademiyasını bitirib. SSRİ dövründə sıravi əsgərdən polkovnik rütbəsinə qədər yüksəlib. Hüquqşünas, hərbi tərcüməçi, kəşfiyyatçı Abbasəli Novruzov zastava rəisinin müavini vəzifəsindən Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə qədər şərəfli bir yol keçib. Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir vəzifəsində göstərilən etimadı ləyaqətlə doğruldub. Səhhətiylə bağlı ehtiyata buraxıldıqdan sonra Azərbaycan Ədliyyə Nazirliyində idarə rəisinin müavini və rəis vəzifələrində çalışıb. 1979-cu ildə Lənkəran Sərhəd Dəstəsinin kəşfiyyat rəisi işləyərkən o vaxt Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın “Əməkdar hüquqşünas”ı fəxri adına və “SSRİ DTK-nın fəxri əməkdaşı” adına layiq görülüb. 1984-cü ildə SSRİ Sərhəd Qoşunlarından ehtiyata buraxıldıqdan sonra Azərbaycanda Ədliyyə Nazirliyində məsul vəzifələrdə çalışıb. 1993-cü ildə sabiq prezident Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi orduda, o cümlədən sərhəddə də quruculuq işlərinə başlanılıb. 1994-cü il aprelin 8-də Prezident Heydər Əliyev təcrübəsinə yaxşı bələd olduğu Abbasəli Novruzovu komandan timsalında — müstəqil Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı kimi dəvət edib. O illərdə sərhəddə vəziyyət gərgin olub. Sovet ordusu Azərbaycanı tərk edərkən texniki qurğuları dağıdıblar. Keçmiş hakimiyyətin zəifliyindən istifadə edərək şəxsi mövqelərini dövlət mövqeyindən üstün tutan adamlar Sərhəd Qoşunlarına işə düzəliblər. Yerli əhalidə, eləcə də sərhədyanı dövlətlərin sakinlərində belə bir fikir formalaşıb ki, sərhədi nə vaxt istəsələr, harada istəsələr poza bilərlər. Sərhədi nəinki piyada, hətta yük maşınları ilə pozublar, sərvətlərimiz aramsız olaraq xaricə daşınıb. Məhz belə bir vaxtda müdrik dövlət başçısının seçimi dəqiq olub. Az sonra A. Novruzov general-mayor hərbi rütbəsinə layiq görülüb. Onun rəhbərliyi altında İranla yanaşı, Rusiya və Gürcüstanla olan sərhədlər də mühafizəyə götürülüb. İqtisadi çətinliklərə baxmayaraq, Xudat, Şəmkir, Zaqatala sərhəd dəstələri yaradılıb. Maddi-texniki bazanın möhkəmləndirilməsinə, sərhəd texniki qurğularının bərpasına diqqət artırılıb. Şəxsi heyətdə attestasiya aparılaraq, təsadüfi adamlar xidmətdən uzaqlaşdırılıb. Ali təhsilli gənclər arasından xidmətə yeni kadrlar cəlb olunub.

Sərhəd Qoşunları ilə ictimaiyyətin əlaqələri genişləndirilib, yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları və ictimai təşkilatlarla qarşılıqlı münasibətlər möhkəmləndirilib və dövlət sərhədlərimizin ümumxalq mühafizəsinə həsr olunmuş birgə müşavirələr, toplantılar keçirilib.

Sərhəd dəstələrinin fəaliyyətinin gücləndirilməsi sayəsində sərhəd pozucularının sayı minimum həddə endirilib. Azərbaycan MDB ölkələrinin xarici sərhədlərinin birgə qorunması barədə müqaviləyə qoşulmasa da, bütün birlik ölkələrinin mənafeyini nəzərə alan ikitərəfli saziş əsasında əməkdaşlığa üstünlük verilib, Rusiya Federasiyası və Gürcüstanla sərhəd məsələlərini tənzimləyən sazişlər imzalanıb.

Arzu Paşaqızı