Zəngilandakı hotel layihəsində nə baş verib? – “Flax”la bağlı bilinməyənlər
Bir müddət əvvəl bəzi saytlarda Qırğız Respublikasının İssık-Kul gölü sahilindəki və Zəngilan rayonundakı hotellərin layihələri üzrə Prezidentin İşlər İdarəsi ilə “Flax” MMC arasında maliyyə mübahisəsinə dair məlumat yayılıb. İddiaya görə, hotellərin layihələndirilməsində iştirak edən “Flax” MMC gördüyü işlərin pulunun ödənilmədiyi üçün məhkəmə iddiası qaldırıb, lakin məhkəmə tələbi təmin etməyib.
“turaninsesi.az ” xəbər verir ki, məsələ ilə bağlı aparılan araşdırma göstərir ki, yayılan xəbər birtərəflidir və məsələnin mahiyyətinə dair bir sıra vacib məqamlar ya qəsdən gizlədilib, ya da təhrif olunub.
Məlumata görə, İşlər İdarəsi ilə “Flax” MMC arasında doğrudan da iki layihə üzrə müqavilələr olub. İssık-Kul gölünün ətrafında mehmanxana kompleksinin tikintisi ilə bağlı eskiz layihənin hazırlanması üzrə 228 min 684 manatlıq müqavilə 2023-cü il sentyabrın 20-də imzalanıb. Bu müqavilə üzrə işlər faktiki olaraq tamamlanıb və İşlər İdarəsi “Flax” MMC-yə sənəddə qeyd olunmuş 228 min 684 manat vəsaiti ödəməyə hazırdır. Elə isə, problem nədir?
Araşdırma zamanı məlum olub ki, İşlər İdarəsi ilə “Flax” MMC arasında 2023-cü il iyulun 31-də bağlanılmış digər müqaviləyə əsasən, “Flax” MMC Zəngilan rayonunda mehmanxana kompleksinin tikintisi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması, layihənin aidiyyəti dövlət orqanında müdafiə edilməsi və layihəyə müəllif nəzarətinin aparılması ilə bağlı işlərin icrasını öhdəsinə götürüb. MMC-yə müqavilədə nəzərdə tutulan məbləğdə avans da ödənilib. Amma MMC layihə-smeta sənədlərinin hazırlanması və layihənin müdafiə edilməsinə dair öhdəliyini həmin il dekabrın 31-dək həyata keçirməli olsa da, buna əməl etməyib. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, MMC işlərin tam təhvil verilməsi tarixinədək ümumi işlərin az bir qismini yerinə yetirib, eyni zamanda icra qrafikində müəyyən edilən müddətləri ötürüb. Nəticədə, “Flax” MMC-nin İşlər idarəsinə MMC-yə ödənilmiş avans məbləğindən borcu yaranıb.
Məlumata görə, məsələnin qarşılıqlı danışıqlar yolu ilə həll edilməsi məqsədilə 2023-cü ilin sonlarında tərəflər arasında görüş keçirilsə də, “Flax” danışıqlara konstruktiv yanaşmayıb və daha sonra məhkəmə yolunu seçib.
Onu da qeyd edək ki, bir neçə ay əvvəl “Flax” MMC İşlər İdarəsinə müraciət edərək, mübahisənin dialoq yolu ilə həllini təklif edib. Tərəflər arasında görüş keçirilib və ilkin razılıq əldə edilib. Hazırda hər şey artıq “Flax” MMC-nin qərarından asılıdır.
Xatırladaq ki, şirkət özü də dünən məlumat yayaraq bildirib ki, uzun illərdir Azərbaycanda dövlət qurumları ilə səmərəli və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq aparır. Sırf kommersiya və iqtisadi müstəvidə olan belə məsələlərin hər hansı fərqli kontekstlərdə şərh olunması və ya siyasiləşdirilməsi tamamilə əsassızdır.
Arzu Paşaqızı