Ancaq özümüzə güvənməliyik – İlham Əliyev
“Mənim tərəfimdən bəşəriyyətə müraciət etmək bir qədər təkəbbürlü olar. Bildiyiniz kimi, həmişə çalışmışam ki, təvazökarlığımı itirməyim. Artıq 23 ilə yaxındır ki, bu kürsüdəyəm. Bu illər ərzində Azərbaycan haradan hara gəlib, bunu xalqımız yaxşı bilir”.
“turaninsesi.az ” xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı Azərbaycan xalqına müxtəlif dövrlərdə bir çox müraciətlərinin olduğunu xatırladıb:
“Həm işğal və müharibə dövründə, həm də müharibədən sonra müraciətlərim olub. Əlbəttə ki, müharibədən sonra bu müraciətlər də fərqlənib. Çünki biz fərqli situasiyada idik. İşğal dövründə keçmiş məcburi köçkünlərlə görüşlər əsnasında müraciətlərim ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər və iradələrini möhkəm tutsunlar, mənə inansınlar ki, biz bu torpaqlara qayıdacağıq. Bir neçə dəfə bu barədə danışmışam, fürsət düşmüşkən deyə bilərəm ki, illər keçdikcə onların ümidlərinin yavaş-yavaş tükəndiyini görürdüm. İnsanların gözlərindəki nisgil, ümidsizlik daha çox sezilirdi. Mən isə onlara nə vaxt, nə zaman, nə olacağını deyə bilmirdim. Deyirdim ki, inanın və onlar da inanırdılar. 17 il – bu az müddət deyil. Onlar gözləyirdilər və mənim sözlərimə inanırdılar, aparılan işlərə də həmişə dəstək olurdular. Müharibə dövründəki müraciətlərim də yaxın tarixin hadisələridir, bunu təkrarlamaq istəmirəm”.
Prezident İlham Əliyev qeyd edib ki, müharibədən sonrakı dövr çox çətin olub: “Müharibə qədər olmasa da, çox çətin idi. Müharibənin nəticələri dünya birliyi tərəfindən qəbul edilməli idi. Onu qəbul etmək istəməyən kifayət qədər qüvvətli dövlətlər, dairələr və ayrı-ayrı şəxslər var idi. Bizim qələbəmizi əlimizdən almaq, onu yarımçıq etmək və ya yenə də Azərbaycanı asılı vəziyyətdə saxlamaq, Azərbaycanın tam ədalətin bərpasına nail olmaması üçün müxtəlif fitnələrin təşkil olunmasına cəhdlər olurdu. Bütün bunları biz yaxşı xatırlayırıq.
Mənim də müraciətlərim ondan ibarət idi ki, gəlin, biz müharibədəki qələbəni indi qeyd etməyək. Gəlin, daha fəal olaq. Çünki hələ görüləsi işlər çoxdur. Bir qrup keçmiş məcburi köçkün də yenə də bu sözlərə inanıb gözləyirdi ki, gün gələcək onlar da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar. Həm Qaladərəsi kəndində, həm də Güney Xırman və Quzey Xırman kəndlərində şənbə günü bir qrup keçmiş məcburi köçkünlə görüşdə dedim ki, 2020-ci ildə müharibə bitəndə və biz qələbə çalanda bu torpaqlar hələ işğal altında idi. Amma siz inanırdınız ki, gün gələcək bu torpaqlara qayıdacağıq və o gün gəldi.
Müraciətlərim fərqli olsa da, məzmunca onların ana xətti dəyişməz olaraq qalır. O da budur ki, biz ancaq özümüzə güvənə bilərik. Bu gün artıq bu barədə danışdım. Baxmayaraq ki, Azərbaycanın çox böyük təbii sərvətləri olub, uzun illərdən bəri onlardan heç biri sözün əsl mənasında Azərbaycan xalqının inkişafında, Azərbaycanın o vaxtkı müstəqil olmayan respublikasının inkişafında heç bir rol oynamayıb. Biz ümumittifaq büdcəsinə aldığımızdan daha çox verirdik. Neft aparılırdı. Sumqayıt şəhəri ekoloji fəlakətə məruz qoyulub. Nəticədə Sovet İttifaqı dağılanda hər şey viran qalmış, torpaqlarımız da əldən getmişdi. Ancaq özümüzə və dövlətə güvənməliyik. Birlik heç vaxt sarsılmamalıdır.
Bəlkə də bunu bu gün demək o qədər də məntiqli səslənməz, çünki Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq çətindir. Çünki bu ürəkdən gələn, insanların zehnindən gələn və eynilə iki çayın birləşməsinə bənzəyən bir şeydir. Həm qəlbdən, həm də fikir olaraq. Biz gələcəyə baxmalıyıq, dünya dəyişir. Yeni təhdidlər və təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşirsə ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, bilməlidir ki, bu heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır.
Mübarizə öz hüquqlarımızı, öz milli kimliyimizi qorumaq üçün, müstəqilliyimizi öz əlimizdə saxlamaq üçündür. Bir çox misallar var ki, bəzi ölkələrin rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu onları qoruyacaq. Amma nəticə etibarilə böyük oyunların qurbanına çevrilirlər. Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa-dirçəliş dövrünü görür və bu prosesin iştirakçısıdır”.
Azərbaycan Prezidenti gənc nəslə müraciət edərək, milli kimliyi hər şeydən üstün tutmağa çağırıb:
“Milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, olur belə hadisələr. Amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan. İşğalçının diktəsi ilə oturub durmamalısan. Bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq. Hardasa 20, 30, 50 ildən sonra onlar da bizim kimi olmalıdırlar. Vətənə bağlı, mətin, iradəli, güclü ki, daim Azərbaycan yüksəklərdə olsun”.
Arzu Paşaqızı