Deputat : “Prezidentin Davos səfəri haqqında bir neçə söz”

Azərbaycanın xarici iqtisadi-siyasi əlaqələrində yeni yaranan münasibətlər ölkəmizin qlobal nüfuzunun ən yaxşı nümunəsidir. Ölkə başçısının dəqiq hesablanmış uğurlu xarici siyasət kursu yalnız diplomatik müstəvidə deyil, həm də iqtisadi sahədə ölkəmizin divident qazanmasına şərait yaradır.
Prezident İlham Əliyevin bu sahədə yürütdüyü siyasət miqyasına görə qlobal xarakter daşıyır. Şərq ölkələri, müsəlman və türk dünyası ilə yüksək səviyyəli əlaqələr quran Azərbaycanın Qərblə də yaxın iqtisadi -siyasi münasibətləri bu siyasətin coğrafi və siyasi miqyasını aydın göstərir.
Prezident İlham Əliyevin builki Davos səfəri də bu baxımdan böyük əhəmiyyət kəsb edirdi.

Turanın səsi” xəbər verir ki, Bu ffikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov “facebook” səhifəsində paylaşaraq bildirib.

İqtisadi imkanlarımızın, ölkəmizdəki əlverişli biznes mühitinin təşviqində mühüm uğurlu platforma kimi tanınan Davos İqtisadi Forumunda dövlətimizin başçısının məhsuldar görüşləri, forumun tədbirlərində çıxışı vurğulandığı kimi, son dərəcə əhəmiyyətli idi. Səfər çərçivəsində ölkəmizin başçısının Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi xüsusi diqqət çəkirdi.
Azərbaycan–Çin münasibətlərinə toxunan Prezident İlham Əliyev əməkdaşlıq üçün möhkəm platforma yaradıldığını xatırladaraq, 30 il ərzində davam edən siyasi münasibətlərin məntiqi olaraq iki ölkə arasında tərəfdaş və etibarlı dost münasibətin qurulduğunu bildirdi.
Respublikamızın beynəlxalq təsisatlar çərçivəsində uğurlu əməkdaşlığından söz açan dövlətimizin başçısı iki dost ölkənin ənənəvi olaraq həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğuladı. Bunununla yanaşı, möhkəm siyasi platformanın fonunda iqtisadi əməkdaşlığın uğurla davam etdiyini diqqətə çatdırdı.
Prezident Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəklədiyini, ölkəmizin artıq öz ev tapşırığını yerinə yetirdiyini və nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərinin qurulduğunu xatırladaraq, enerji, kənd təsərrüfatı və digər sahələrdə də Çinlə əməkdaşlıq etməyə ümidvar olduğunu söylədi.
Çin şirkətlərinin Azərbaycanda uzun illər davam edən fəaliyyəti haqqında danışan dövlətimizin başçısı ölkələrimiz tərəfindən çoxşaxəli münasibətlər qurulduğunu, respublikamızın “Bir kəmər, bir yol” təşəbbüsünə ilk günlərdən fəal şəkildə qoşulduğunu diqqətə çatdırdı.
Önəmli məqamlardan biri də Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirakı idi.
Həmin iclasda Orta Dəhlizin üstünlüklərindən danışan dövlətimizin başçısı bu nəhəng layihənin iştirakçıları olan ölkələr arasında əlverişli münasibətlərin mövcudluğunu və uğur qazanmaq üçün buna vacib şərt kimi yanaşıldığını vurğuladı.
Prezident İlham Əliyev Orta Dəhliz və Şimal-Cənub marşrutu üzərində yerləşən Azərbaycanda əlavə biznes imkanları yaradıldığını və tezliklə Bakıda dəniz limanının yaxınlığında azad zonanın açılacağını, bunun isə şirkətlərin investisiya yatırması üçün əlverişli məkan olacağına əminliyini qeyd etdi.
Ölkəmizin başçısı forumda Azərbaycanda bütün zəruri infrastruktur obyektlərin daha çox yük qəbul etməyə hazır olduğunu və yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanının 25 milyon tona qədər genişlənməsi üçün vəsaitin ayrıldığını bildirdi.
Ermənistanın forumda təmsil olunmamasına aydınlıq gətirən Prezident qeyd etdi ki, adıçəkilən ölkənin Azərbaycanın sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə söykənən sülh sazişi imzalamaqla bağlı təklifinə cavab verməyib .
Dövlətimizin başçısı, həmçinin bildirib ki, Ermənistanın foruma gəlməməsinin səbəbi odur ki, üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif işğalçı tərəfindən rədd edilib.
Xatırladaq ki, forumda söylənildiyi kimi, respublikamızın təklifi liderlərin görüşünün Gürcüstanda təşkil olunmasından və üç Qafqaz ölkəsinin enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərinin birləşdirilməsindən ibarətdir ki, bu da bütövlükdə regionun təhlükəsizliyini şərtləndirir.
Prezidentin Davos səfəri ölkəmizin iqtisadi və siyasi qüdrətinin növbəti göstəricisi oldu. Bu səfər həm də dövlətimizin qüdrəti ilə yanaşı, ölkə rəhbərinin şəxsi nüfuzunun və ona olan beynəlxalq marağın bütün dünyaya, dosta və düşmənə sübutunun nümayişinə çevrildi.
Davos səfəri və keçirilən görüşlər Azərbaycanın xarici iqtisadi-siyasi kursunun daha bir səhifəsi olmaqla yanaşı, həm də yeni uğurların başlanğıcı kimi mühüm önəm daşıyır. Görünən isə odur ki, Pezident İlham Əliyevin mükəmməl xarici siyasəti dövlətin inkişafının və yüksəlişinin təməl şərtidir.

⤵️

“TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ

AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ

NÖMRƏMİZİN WhatsApp ÜNVANINA

GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir