SON DƏQİQƏ! Nazir müavini TƏBİB-in icraçı direktoru təyin edildi
Aprelin 14-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.
“turaninsesi.az ” xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.
Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.
51 yaşlı A.Bayramov son təyinatadək əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini postunda işləyib.
Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov fevralın 16-da vəzifəsindən azad edilib.
Bundan başqa, TƏBİB-in Müşahidə Şurasının sədri də dəyişib. Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı sərəncamla Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov TƏBİB-in Müşahidə Şurasının sədri təyin olunub.
Arzu Paşaqızı