Sahil Babayev Milli Məclisə gəldi: “Bizim yolumuz…”

“Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun olaraq, maliyyə dayanıqlığı və sosial öhdəliklərin tam yerinə yetirilməsi prinsipləri əsasında icra olunub. Hesabat ili ərzində qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənliklərə baxmayaraq, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə makroiqtisadi sabitlik qorunub, iqtisadi artım təmin edilib və dövlət siyasətinin əsas prioritetləri nəzərə alınmaqla bütün tədbirlər ardıcıl şəkildə həyata keçirilib”.

turaninsesi.az ” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev iyunun 12-də Milli Məclisin növbədənkənar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəsi zamanı deyib.

O qeyd edib ki, büdcə həm iqtisadi artımın dəstəklənməsinə, həm sosial öhdəliklərin tam icrasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasına xidmət edib: 

“Bizim yolumuz davamlı inkişaf və şəffaf idarəetməyə əsaslanır.Bu yanaşma 2025-ci il dövlət büdcəsinin icrasında öz aydın təzahürünü tapıb. Büdcə həm iqtisadi artımın dəstəklənməsinə, həm sosial öhdəliklərin tam icrasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasına xidmət edib, Azərbaycanın 2030-cu ilədək müəyyənləşdirilmiş rəqəmsal prioritetlərinə doğru inamlı irəliləyişini təmin edib. Müstəqil Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu son illərdə ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirib, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında rolunu əhəmiyyətli dərəcədə artırıb. 2025-ci ildə Azərbaycan Respublikasında ümumi daxili məhsul real ifadədə 2,4 faiz artaraq 129,1 milyard manat təşkil edib. Həmin ildə adambaşına düşən ümumi daxili məhsul 12,6 min manata yüksəlib. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində 2025-ci ildə qeyri-neft sektorunda 4,7 faiz real artım əldə olunub. ÜDM-in 72 faizi və ya 92,3 milyard manatı qeyri-neft sektorunun payına düşüb”.

Arzu Paşaqızı