Sahibə Qafarova Slovakiya Respublikasının PrezidentiPeter Pelleqrini ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 15-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.


Əvvəlcə ali qonaq Milli Məclisin plenar iclas zalı ilə tanış olub.
Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Xatirə kitabını imzalayıb.
Görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən və qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, son illərdə Azərbaycan ilə Slovakiya arasında münasibətlər dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. O bildirib ki, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişafı üçün möhkəm əsas yaradıb. Spiker fəal siyasi dialoqun, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin bu prosesdə mühüm rol oynadığını vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabr ayında Slovakiyaya həyata keçirdiyi ilk rəsmi səfərin, eləcə də Prezident Peter Pelleqrinin ölkəmizə cari rəsmi səfərinin Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında yeni mərhələ açdığını qeyd edib.

Arzu Paşaqızı