Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 29-da bu ölkənin Baş naziri Abiy Əhməd Əli ilə görüşüb.
Görüşdə Azərbaycanla Efiopiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Baş nazir Abiy Əhməd Əli Azərbaycanın son illərdə beynəlxalq aləmdə yüksək nüfuz qazandığını qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurların beynəlxalq səviyyədə böyük rəğbətlə qarşılandığını bildirib.
O, 2026-cı ilin fevral ayında Azərbaycana rəsmi səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, həmin görüşdə aparılan səmərəli müzakirələrin ölkələrimiz arasında münasibətlərin inkişafına yeni təkan verdiyini, əldə olunmuş razılaşmaların əməkdaşlığın genişləndirilməsi üçün mühüm zəmin yaratdığını qeyd edib.
Arzu Paşaqızı