Növbədənkənar sessiyanın ilk iclasında
İyunun 5-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2026-cı ilin növbədənkənar sessiyasında ilk iclası keçirilib.
Spiker Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra spiker bildirib ki, o, iyunun 1-dən 3-dək Serbiya Respublikasında işgüzar səfərdə olub. Səfərdə məqsəd Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etmək idi. Konfrans iyunun 2-də Serbiyanın paytaxtı Belqrad şəhərində keçirildi. Tədbir “Paritetə doğru irəliləyiş: Gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması” mövzusuna həsr olunmuşdu. Milli Məclisin sədri diqqətə çatdırıb ki, həmin konfransda etdiyi çıxışda o, Azərbaycanda qadınlar barəsində həyata keçirilən dövlət siyasətinə dair tədbir iştirakçılarına geniş məlumat verib. Həyatın bütün sahələrində qadınların təmsilçiliyinin artırılması istiqamətində görülən işlərdən danışıb. O cümlədən Milli Məclisdə qadınların təmsil olunması və parlamentin fəaliyyətində qadın deputatların iştirakı ilə bağlı faktları nəzərə çatdırıb. Spiker konfransdakı çıxışında qadınların dəstəklənməsi mexanizmlərinin inkişafında və gender bərabərliyi prinsiplərinin möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı sərəncamların, milli fəaliyyət planlarının və dövlət proqramlarının rolunu da xüsusi qeyd edib.



Arzu Paşaqızı